XƏBƏRLƏR / Mədəniyyət

Xalq artisti Ənvər Həsənov vəfat edib YENİLƏNİB

Bu barədə Mədəniyyət Nazirliyi məlumat verib

Xalq artisti Ənvər Həsənov vəfat edib YENİLƏNİB
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 22:35

    Xalq artisti Ənvər Həsənovun Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.

    Bu fikir Mədəniyyət Nazirliyinin Xalq artisti Ənvər Həsənovun vəfatı ilə bağlı nekroloqunda yer alıb.

    Nazirlik aktyorun vəfatını Azərbaycanın mədəniyyət ictimaiyyətinə ağır itki kimi qiymətləndirib.

    “Məktəbli çağlarından kino sahəsinə maraq göstərib. 1965-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Adil İsgəndərovun açdığı aktyorluq kursuna daxil olub. Dördillik kursu bitirdikdən sonra 1969–1973-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Kino və dram aktyorluğu fakültəsində təhsil alıb.

    1965-ci ildən taleyini "Azərbaycanfilm” kinostudiyasına bağlayan Ənvər Həsənov burada lentə alınan “Dəli Kür”, “Uşaqlığın son gecəsi”, “Yeddi oğul istərəm”, “Bizim küçənin oğlanları”, “Dərviş Parisi partladır”, “Babək”, “Arxadan vurulan zərbə” və ümumilikdə 50-dən artıq filmdə bir-birindən maraqlı obrazlar qalereyası yaradıb.

    Maraqlı oyun üslubu ilə tamaşaçıların rəğbətini qazanan aktyor eyni zamanda 20-dən çox filmdə ikinci rejissor kimi fəaliyyət göstərib.

    Ənvər Həsənovun Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Sənətkar 2000-ci ildə “Əməkdar artist”, 2018-ci ildə “Xalq artisti” fəxri adlarına, 2023-cü ildə isə Prezidentin fərdi təqaüdünə layiq görülüb.

    Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Ənvər Həsənovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir.

    Allah rəhmət eləsin”, - nazirlikdən əlavə olunub.

    ***

    21:13

    Xalq artisti, aktyor, rejissor Ənvər Həsənov vəfat edib.

    Bu barədə Mədəniyyət Nazirliyi məlumat verib.

    Ailəsinin verdiyi məlumata görə, Ənvər Həsənov Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində ailə qəbiristanlığında dəfn olunacaq.

    Qeyd edək ki, Ənvər Həsənov 17 avqust 1950-ci ildə Bakıda anadan olub. 1969-cu ildə kinoaktyor kursunu bitirib. 1969-1973-cü illərdə M. A.Əliyev adına ADİİ-nun kino və dram aktyorluğu fakültəsində təhsil alıb. 1965-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb.

    Ə.Həsənov gənc yaşlarından kinolara çəkilməyə başlayıb. Xüsusilə o, "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa maraqlı obrazlar yaradıb. O, həyat yoldaşı, aktrisa Mömünat Qurbanova ilə "Dərviş Parisi partladır" və "Atları yəhərləyin" filmlərində rol alıb. Rejissor kimi "Haray, Xocalım, haray", " Tələ" və Hacı Zeynalabdin Tağıyevdən bəhs edən "Sönməyən çıraq" sənədli filmlərini çəkib.

    Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Əməkdar artist, 1 avqust 2018-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

    Xatırladaq ki, 2025-ci ilin yanvarında aktyorun səhhətində problem yaranmışdı, o, xəstəxanaya yerləşdirilmişdi.

    Allah rəhmət eləsin.