BLOQ

Xalq artisti Hökümə Qurbanovanın doğum günüdür

Görkəmli sənətkarın anadan olmasının 113-cü ildönümü tamam olur

Xalq artisti Hökümə Qurbanovanın doğum günüdür
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bu gün Azərbaycan və SSRİ-nin Xalq artisti Hökümə Qurbanovanın doğum günüdür. İlahi gözəlliyə, zəngin mənəvi aləmə malik aktrisanın yaradıcılığı teatr və kino tariximizdə ayrıca bir mərhələni təşkil edir. Qeyri-adi səhnə temperamentinə malik aktrisa qəhrəmanın daxili aləmini tam şəkildə təqdim etməklə tamaşaçıların qəlbinə və düşüncəsinə hakim kəsilməyə həmişə müvəffəq olub.

    Aktyorluq fəaliyyətinə 1933-cü ildə “Azərbaycanfilm” Kinostudiyasında başlayıb, C.Cabbarlının təşəbbüsü ilə “Almas” filmində Yaxşı rolunda çəkilib. Bu səssiz filmin kadrlarında gənc aktrisanın gözəl çöhrəsi, düzgün üz cizgiləri, mənalı gözləri, məsum və ürkək baxışları sənətkarın obrazı dərindən duymasından xəbər verir. Hökümə Qurbanova sonralar Azərbaycan teatr sənətinin korifey sənətkarlarından birinə çevrilib. O, 1938-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Dram Teatrında çalışıb. Aktrisanın ilk rolu “Vaqif” tamaşasında gürcü qızı Tamara olub.

    Rejissorların diqqətindən heç vaxt kənarda qalmayan Hökümə Qurbanova Abbas Mirzə Şərifzadə, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi görkəmli sənətkarlarla birgə işləyib. Mehdi Məmmədov aktrisa haqqında “Onun sənət ulduzu” monoqrafiyasını yazıb.

    Görkəmli aktrisanın yaradıcılığından danışarkən onun səsini xüsusilə vurğulamaq lazımdır. Nitqinin ahəngində duyulan qəribə titrəyiş və həyəcan həmişə tamaşaçını riqqətə gətirib. Teatr tariximizdə Hökümə Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb. Yaradıcılığı dövründə, demək olar ki, bütün dublyajların baş rollarını o səsləndirib. O, bu gün də ekranlardan düşməyən “Uzaq sahillərdə” filmində Anjelikanı, “Ögey ana”da Dilarəni məharətlə səsləndirib.

    Aktrisanın 1956-cı ildə Londonda qastrolda olarkən ifası ingilis rejissorunu belə heyrətləndirib.

    Hökümə Qurbanovanın “Bir ailə”, “Onu bağışlamaq olarmı?”, “Əmək və qızılgül”, “İnsan məskən salır” filmlərində çəkildiyi rollar da dolğunluğu ilə yadda qalıb.

    Ömrünün ahıl çağında sevimli qızı, görkəmli aktrisa Vəfa Fətullayevanı itirməsi onun üçün ən böyük dərd olub.

    Hökümə Qurbanova sevimli qızının ölümündən 1 il sonra - 1988-ci il noyabrın 2-də Bakıda vəfat edib. Aktrisa Fəxri xiyabanda dəfn edilib.