MÜSAHİBƏ

Xankəndiyə gedib-gələn azərbaycanlının danışdıqları

ANS Press Şuşada xidmət göstərən təcili yardım maşınının sürücüsü Elşən İsmayılovdan bəzi detalları soruşub

Xankəndiyə gedib-gələn azərbaycanlının danışdıqları
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Yadınızdadırsa, aprelin 4-də Xankəndi-Laçın yolunda halı pisləşən qarabağlı erməni qadına azərbaycanlı həkimlər yardım göstərib. Rusiya sülhməramlıları Azərbaycan tərəfinə yardım üçün müraciət etmiş, bundan sonra əraziyə operativ şəkildə Şuşa şəhərində yerləşən modul tipli xəstəxananın təcili tibbi yardım avtomobili gəlmişdi.

    İxtisaslaşmış həkim heyəti xəstəyə yerində ilk tibbi yardım göstərib. Daha sonra erməni əsilli qadın öz istəyinə əsasən təcili tibbi yardım avtomobili ilə azərbaycanlı həkimlərin müşayiəti altında Xankəndi şəhərinə aparılıb.

    ANS Press gecə ikən Xankəndiyə gedən təcili tibbi yardım avtomobilinin sürücüsü Elşən İsmayılovla bəzi detalları aydınlaşdırıb. 

    Elşən İsmayılov 1968-ci ildə Şuşada, Bülbülün ev-muzeyinə gedən yolda, “Torpaq meydanı”nda doğulub. 1988-cü ildə M.M.Nəvvab adına Orta İxtisas Musiqi Məktəbinin tar sinfini bitirib, sonra Konservatoriyaya daxil olub. Ali təhsilli musiqiçidir. Tələbə yoldaşlarının dediyinə görə, həmin dövrdə Qarabağda ən yaxşı tar ifaçısı Elşən İsmayılov imiş. Lakin o, sonradan sürücülüyü seçir.

    - Şuşa xəstəxanasında işləyirsiniz?

    - Yox, Bakı şəhəri Təxirəsalnmaz Təcili Tibbi Yardım avtobazasının sürücüsüyəm. 15 gün Şuşada işləyirəm, 15 gün Bakıda. Şuşada doğulmuşam, ərazini yaxşı tanıyıram. 

    - Xankəndiyə gedəndə qəfil xəstələnən erməni qadınlarından başqa kim var idi maşınınızda?

    - Ayrı maşınla sülhməramlılar bizi müşayiət edirdilər. Amma mən sürdüyüm təcili yardım maşınında üç erməni qadından başqa bir Vilad həkim, bir də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı var idi. 

    - Sizinlə yolda danışdılar?

    - Hə. Vilad həkim rusca da bilir, tərtəmiz ermənicə də. Yeri gəmişkən, Vilad həkim də Bakıdakı 5 nömrəli xəstəxananın həkimidir, Şuşada ezamiyyətdədir. Yaşlı erməni qadınlarından biri qarınağrısına düşmüşdü, Vilad həkim ona həb verdi. Bu biri sarısaçlı qadını isə xərəkdə Xankəndi xəstəxanasına apardıq.

    - Sizi xəstəxanaya buraxdılar?

    - Yox. Biz xəstəxanaya çatanda aşağı düşdülər, gətirdiyimiz erməni qadını xərəkdə apardılar, sonra xərəyi gətirib verdilər, vəssalam. Elə sülhməramlıların müşayiəti ilə də Şuşaya qayıtdıq. 

    - Erməni mənbələri yaymışdılar ki, guya azərbaycanlı həkim cibindən erməni dramı çıxardıb, kofe aparatına salıb, kofe içib. 

    - Yalan sözdür. Biz halları pisləşən erməni qadınlarını xəstəxanaya apardıq, təhvil verdik, vəssalam. Xəstəxana da ki, Xankəndidəki Şuşa taksilərinin yığışdığı yer var idi, orada yerləşir.

    - Elşən, Şuşadakı eviniz durur?

     - Yox. Ancaq daşları qalıb. Ezamiyyətə gələndə villada qalırıq.

    - Müsahibəyə görə təşəkkür edirəm.

    - Buyurun.