15:16
Dekabrın 25-də yola düşən köç karvanı işğaldan azad olunan Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə çatıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu mərhələdə Şuşakəndə 83 nəfərdən ibarət 20 ailə, Xanyurdu kəndinə isə 50 nəfərdən ibarət 12 ailə köçürülüb.
Mənzillərin açarlarının təqdimatında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri doğma yurda qayıtmaları münasibətilə təbrik edərək bildirib ki, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri planlı və sürətli şəkildə davam etdirilir. Şuşakənd və Xanyurdu kəndlərində içməli su, elektrik enerjisi, qaz və digər kommunal xidmətlər tam şəkildə təmin olunub. Sakinlərin məşğulluq məsələsi də diqqətdə saxlanılır.
Doğma torpaqlarına qovuşan sakinlər yaradılan şəraitə görə minnətdarlıqlarını bildirib, illər sonra öz yurdlarında yaşamağın sevincini bölüşüblər.
***
14:15
Bu gün növbəti köç karvanı ilə Qırmızı Bazar qəsəbəsinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Qırmızı Bazara köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Ailələr açarları sevinclə qəbul edərək, evlərində məskunlaşıblar.
Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Onlar vurğulayıblar ki, bu gün Qırmızı Bazar qəsəbəsində başlayan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.
Qeyd edək ki, bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə 37 ailə olmaqla, 169 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
***
14:10
Bu gün növbəti köç karvanı ilə Məmmədbəyli kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Zəngilan rayonunun Məmmədbəyli kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Ailələr sevinclə açarları qəbul edərək, evlərində məskunlaşıblar.
Qeyd edək ki, bu mərhələdə Məmmədbəyli kəndinə 29 ailə olmaqla, 147 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
***
13:15
İşğaldan azad olunan Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına çatıblar.
Məmmədbəyli kəndi bu gün 29 ailə olmaqla, 147 nəfərə qucaq açıb. Kəndə qədəm qoyan ailələr sevinc göz yaşları ilə doğma yurdlarına qovuşublar. Sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Qeyd edək ki, kəndin ümumi sahəsi 51,6 hektardır. Kənddə 188 fərdi ev inşa edilib, onlardan 39-u iki, 55-i üç, 55-i dörd və 39-u beşotaqlıdır. Hər bir ev üçün həyətyanı ərazi nəzərə alınaraq hasarlanıb. Evlərdə Günəş panelləri quraşdırılıb, su, işıq, qaz, yüksəksürətli internet şəbəkəsi ilə təmin olunub. Kənddaxili yollar asfaltlanıb. Kənddə çoxfunksiyalı 2 qeyri-yaşayış binası da inşa olunub. Köçürülən ailələrin, evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
***
07:00
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.
Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə və Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xocalı rayonunun Şuşakənd kəndinə 20 ailə - 83 nəfər, Xanyurdu kəndinə 12 ailə - 50 nəfər, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 37 ailə - 169 nəfər, Zəngilan rayonunun Məmmədbəyli kəndinə isə 29 ailə - 147 nəfər köçürülüb.

Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:
Laçın rayonu
Laçın - 2245 nəfər (607 ailə)
Bəylik - 316 nəfər (79 ailə)
Zabux - 823 nəfər (217 ailə)
Sus - 215 nəfər (59 ailə)
Füzuli rayonu
Füzuli - 3136 nəfər (823 ailə)
Zəngilan rayonu
Ağalı - 981 nəfər (216 ailə)
Məmmədbəyli - 611 nəfər (122 ailə)
Ağdərə rayonu
Suqovuşan - 591 nəfər (180 ailə)
Talış - 90 nəfər (20 ailə)
Həsənriz - 985 nəfər (254 ailə)
Kolatağ - 120 nəfər (33 ailə)
Vəngli - 484 nəfər (125 ailə)
Şuşa rayonu
Şuşa - 1396 nəfər (371 ailə)
Xocalı rayonu
Xocalı - 482 nəfər (111 ailə)
Ballıça - 1034 nəfər (232 ailə)
Təzəbinə - 605 nəfər (138 ailə)
Xanyurdu - 421 nəfər (120 ailə)
Şuşakənd - 418 nəfər (110 ailə)
Badara - 200 nəfər (58 ailə)
Seyidbəyli - 169 nəfər (48 ailə)
Daşbulaq - 109 nəfər (26 ailə)
Cəbrayıl rayonu
Cəbrayıl 2866 nəfər (659 ailə)
Horovlu - 762 nəfər (191 ailə)
Ağdam rayonu
Sarıcalı - 771 nəfər (185 ailə)
Kəngərli - 1129 nəfər (269 ailə)
Xıdırlı - 2193 nəfər (559 ailə)
Xocavənd rayonu
Hadrut - 131 nəfər (33 ailə)
Qırmızı Bazar - 513 nəfər (122 ailə)
Sos - 360 nəfər (85 ailə)
Kəlbəcər rayonu
Kəlbəcər - 449 nəfər (108 ailə)
Kərkicahan - 117 nəfər (30 nəfər)
Cəmi: 24 722 nəfər
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 64 mindən çox insan yaşayır.
9 dəqiqə