BLOQ

XXI əsr türk əsridir

Bu ruh könlümə 27 ölkəni bir bayraq altında birləşdirən Əmir Teymuru ziyarət etdiyimdə Tanrı tərəfindən ötürülmüşdü

XXI əsr türk əsridir
  • Oxuma müddəti:

    7 dəqiqə

  • "XXI əsr türk əsridir" fikrini yaşadığımız əsr başladığı gündə yazmışdım. Bu ruh könlümə 27 ölkəni bir bayraq altında birləşdirən Əmir Teymuru ziyarət etdiyimdə Tanrı tərəfindən ötürülmüşdü. "İpək yolu" fəlsəfəsini də Əmir Teymur külliyəsini oxuyanda öyrənmişdim. Bu qanadlı arzulaıma inandım. Yoluma o qədər daş adtdılar, çəpər çəkdilər. Ən dar məqamımda Tanrım məni o yerdən quş kimi göylərə qaldırdı. Bu eşqlə, bu sevgi ilə bir gün özümü Ötükəndə gördüm. Tonyukükdən, İlteriş xaqandan, Bilgə xaqandan qalan daş məktubları qucaqlayıb göz yaşı tökdüm, Vətənim Azərbaycana Zəfər, Qələbə arzuladım. Tanrıdan rica etdim ki, bu daşlara dediklərimi tez eşitsin. 2016-cı ildə vətən uğrunda şəhid olan oğullarımızın arzularını söylədim o daşlara. Tanrım o daşlara söylədiklərimi eşitdi də...

    XXI əsrin Türk əsri olacağına bir də elə Ötükəndə ziyarətdə olanda inandım. Orada məbəd görmədim, orada məscid görmədim. Orada təbiətə hakim bir Tanrı var idi, bir Göy səma, gecələr parlayan ulduzlar və bir də ki, əl atsam tuta biləcəyim qədər mənimlə danışan Ay baba var idi.

    Orada Tanrıdan çox nida aldım, çox buta aldım. Və bildim ki, Ötükəndə təzələndim, yenidən doğuldum. Bildim ki, Göy Türklərin İqamətgah qurduğu bu Müqəddəs yurdu Tanrı o dədələrə boş yerə ünvan verməyib.

    XXI əsr yetişdiyi gündən zamanın əqrəbləri Turana doğru dönməyə başladı. Çölümdə mənə qarşı nə qədər hücumlar olsa da, yazdıqlarım, dediklərim ucbatından mənəvi zərbələr alsam da, illərlə iş yeri qapıları üzümə bağlansa da, içimdə inamım yenilməz oldu.

    2014-cü ildə Türkiyədə Mustafa Kamal Atatürkün heykəlləri uçulanda sınmışdım. Bu həqarətdən bütün ruhum silkələnmişdi. Dindar libası geyinərək Türkiyədə min bir oyunlar quranların bu fikri türklüyə həqarət idi.

    Türkiyə böyük olduğu qədər də, təzadlar ölkəsidir. İnsanları bəzən ruhlarının diqtə etdiklərinə deyil, cameələrin dediklərinə gedərlər. Bəzən heç baxmazlar ki, danışan kimdir, o danışanın içi nədir. Əgər biri yüksək tribunadan danışarsa, demək onun ardınca getmək lazımdır, deyə düşünən çoxluq da gördüm Türkiyədə. Bu dini siyasət də Türkiyəyə çox zərbələr vurdu.

    Sayın Rəcəb Tayyib Ərdoğan da bir gün anladı ki, Türkiyənin yolu ATATÜRK yoludur, bu yolu unudan insan Türkiyəyə sahib ola builməz. Atatürk yolu həm tanrını, Allahı sevmək, həm də Vətəni hər şeydən üstün tutmaqdır! Nə yaxşı ki, bu yanlışını tez düzəltdi. Türkiyəni siyasi moda xatirinə gözə girmək üçün başına türban bağlayanların, Osmanlı dövlətinin əlbisələrini geyinib, daxillərində insana, qadına, cəmiyyətə, Atatürkün ideyalarına qarşı çıxanlarla deyil, Türkiyəni ATATÜRK eşqi ilə sevənlərlə qurmaq olar!
    İnanıram ki, cümhurbaşkanı olduğu dövrlərdə Türkiyəni dünyanın nüfuzlu dövlətləri sırasında daha da nüfuzlu edən sayın Rəcəb Tayib Ərdoğan bu gün qazandığı seçim qələbəsindən sonra, bir daha ATATÜRK ideallarını başının üzərində Türkiyə bayrağı kimi hər zaman ucalara qaldıracaq. Ən azı Sinan Oğanın bu gün sayın cümhurbaşkanının yanında olması bu ümidimizi işıqlandırır. "Qızıl alma" adının Türkiyənin müdafiə sənayesində marka olması da bizim arzularımızın hədəfidir.

    İnsanlığın malik olduğu dinlər insanları doğru yola çəkmək üçündür. Əgər insanın ürəyində məbəd, Allah, Tanrı yoxsa, hər məhəllədə nə qədər məscid tiksən də, o yurd abad ola bilməz. Abad yurdu ürəyində könlündə Tanrıya məbəd quranlarla qurmaq olar!

    Bu ideologiya Mustafa Kamal Atatürkün kitablarında yazıldı, fərmanlarında imzalandı. Hakimiyyətə gəldiyi gündən etibarən türk qadınlarına hürriyyət gətirdi, sivil geyim, sivil insani və mədəni münasibət sərgilədi. Buna görə də dünyanın böyük gücləri onun Osmanlının süqutundan sonra qurduğu Türkiyəyə həsəd apardılar, heyran qaldılar. Çünki 1923-cü ildə qurulan Türkiyə Cümhuriyyətində baş örtüsü, və digər dini aksesuarlar dövlətin təməlini təşkil etmədi. Dövlətin təməlində Türkiyəni qadın və kişilərlə əl-ələ verib dirçəltmək var idi.

    Mən inanıram ki, Rəcəb Tayyib Ərdoğanın türk islam dövlətinin bayrağını Əmir Teymurun ucaltdığı kimi ucaldacaq. Əmir Teymurun yasasında İslamın bayrağı ən ucalarda dalğalanan bayraq idi.

    Mən inanıram ki, bu gündən sonrakı Türkiyədə Atatürkün zamanında olduğu kimi hər kəs Vətənin bütövlüyü davası aparacaq, potates, pomidor, bazar-dükan davaları unudulacaq. Vətən var olandan sonra, qurulandan sonra bazarlarda da qiymətlər tənzimlənir. Bunu UNUTMAYIN!!!

    Mən qara örtüklərdən, qara türbanlardan xoşlanmaram. Qara Türkiyənin, türklüyün rəmzi deyil, Türkiyənin rəmzi QIRMIZIDIR! Təmiz qan rəngi! Nə qədər ki, damarımızdadır, türklüyümüzü kimsə öldürə bilməz!

    Mən inanıram ki, bu gün qardaş Türkiyəmizə yenidən sahib olan sayın Rəcəb Tayyib Ərdoğan insanların üst paltarlarları ilə deyil, insanların daxilindəki arzulara müvafiq hərəkət edəcək.

    Rəcəb Tayyib Ərdoğanın bu gün Türkiyəni qazanması - Türk Dövlətləri Təşkilatının bütövləşib, Turana doğru gedəcəyimiz yolun davamıdır.

    Bir olacağıq, diri olacağıq!

    Mən inanıram ki, dünyada mövcud olan bütün türk dövlətləri və türk dilində danışan xalqlar Rəcəb Tayyib Ərdoğanın qazandığı uğuru böyütmək üçün Türk Dövlətləri Təşkilatını genişləndirməyə tələsəcəklər!

    Biz XXI Əsri Türk əsri kimi qurub gələcəyimizə verməliyik. Bütün yollar TURANA, ÖTÜKƏNƏ aparır!!!