BLOQ

Ermənilərin sifarişilə yazılan rəy

Erkin Qədirlinin şərhi

Ermənilərin sifarişilə yazılan rəy
Luis Okampo
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş ittihamçısı Luis Okamponun "ekspert rəyi"ni oxudum. Ermənilərin sifarişilə yazılsa da, erməniləri yaxşıca "yola" verib.

    Okampo təcrübəli ittihamçıdır, Argentinada hərbi xuntanın cinayətlərini araşdırmaqla, onları məhkəmədə ittiham etməklə nüfuz qazanıb. Daha sonra 9 il ərzində Beynəlxalq Cinayət Məhkəməsinin ilk ittihamçısı olub (2003-2012). İnanıram ki, o, Qarabağda baş verənlərin soyqırım olmadığını yaxşı anlayır və bunu ermənilərə öncədən açıq deyə bilərdi. Bununla belə, sifarişi qəbul edib və "yolaverdi" bir rəy yazıb. Hüquqşünas olduğuma görə bunu aydın görə bilirəm.

    Rəydə yolavermənin əlamətləri:

    1. Emosional şantaja yol verilib, Qarabağda baş verənlər 1915-ci il hadisələri ilə, İkinci Dünya müharibəsi dönəmində Leninqradın blokadası ilə, Kambocada Qırmızı Kxmerlərin törətdikləri qırğınlarla, Srebrenitsa soyqırımı ilə müqayisə edilib.

    2. Beynəlxalq Ədalət Məhkəməsinin aralıq tədbirlə bağlı qərarları yanlış yozulub.

    3. Laçın yolunun tezliklə açılmayacağı təqdirdə Qarabağdakı ermənilərin bir neçə həftəyə öləcəkləri iddia olunub.

    4. ABŞ və AB istəsələr tezliklə bu məsələni həll edə bilərlər.

    5. Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil, onun yurisdiksiyasını da tanımır. Burada yalnız bir yol qalır - BMT Təhlükəsizlik Şurası özü bu işi Beynəlxalq Cinayət Məhkəməsinə versin.

    Bütün bunları Okampo rəyində yazıb. Okampo yaxşı anlayır ki, bunlar baş tutası iş deyildir. Sadəcə, gerçəkləşmə ehtimalı olmayan ümidlərdən qopa bilməyən ermənilərə daha bir boş ümid verib. Ermənilərsə hələ də doğru yola gəlmək istəmədiklərindən başqaları tərəfindən yola verilirlər. Bu dəfə də elə oldu.

    Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü

    Erkin Qədirli