"Ya davamlı sülh, ya da dünya müharibəsi"
Bu xəbərdarlığı Türkiyənin xarici işlər naziri Hakan Fidan qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə görüşdə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohaya səfəri zamanı Qəzza zolağında münaqişənin yekun həllinə çağırıb, Əl-Cəzirə xəbər verir.
Qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə görüşü zamanı o, dünyanın “tarixdə dönüş nöqtəsində” olduğunu deyib.
“Ya davamlı sülhə nail olacağıq, ya da dünya müharibəsi başlayacaq. Biz bütün tərəfləri ağlın səsinə qulaq asmağa çağırırıq. İsraili cinayətlərini davam etdirməyə təşviq edənlər də məsuliyyət daşıyırlar. Tez hərəkət etməsək, bizi daha da qaranlıq günlər gözləyir”, - deyə Fidan bildirib.
Nazir müstəqil Fələstin dövlətinin yaradılmasının zəruriliyini də vurğulayaraq deyib: “İsrail anlamalıdır ki, zorakılıq ona sülh və təhlükəsizlik gətirə bilməz. Yeganə həll yolu paytaxtı Şərqi Qüds olan 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin yaradılmasıdır”.