Yevgeni Priqojinin oğlu “Vaqner”in yeni rəhbəri təyin olundu
“Vaqner” indi Rusiya Qvardiyasının bir hissəsi - onun bölməsidir
Sankt-Peterburqlu iş adamı Yevgeni Priqojinin oğlu Pavel Priqojin “Vaqner” özəl hərbi şirkətinin rəhbəri təyin olunub.
Bu barədə "59.ru" portalına qurumun Perm vilayəti üzrə nümayəndəsi bildirib.
Nümayəndənin sözlərinə görə, “Vaqner” indi Rusiya Qvardiyasının bir hissəsi - onun bölməsidir.
O qeyd edib ki, yenidən könüllülər “Vaqner”ə cəlb olunmağa başlayıb. Lakin qurum nümayəndəsinin sözlərinə görə, bir fərq var: “Biz mülki şəxsləri yalnız azadlıqdan məhrum etmə yerlərindən götürmürük”.
Bəzi Telegram kanallarında “Vaqner”ə üzv olmaq istəyən hər kəslə müqavilə bağlanacağı barədə məlumatlar yayılıb. Qeyd olunur ki, “Vaqner”ə 20 yaşından 55 yaşa qədər olan vətəndaşlarla müqavilə bağlamağa hazırdır.
“Vaqner” özəl hərbi şirkətinin sabiq rəhbəri Yevgeni Priqojin bu il avqustun 23-də Rusiyanın Tver vilayətində təyyarə qəzasına uğrayaraq ölüb. Qəza zamanı təyyarənin göyərtəsində 3 ekipaj üzvü də daxil 10 nəfər olub və onların hamısı ölüb.
Priqojinin Rusiya Prezidenti Vladimir Putinin sifarişi ilə öldürüldüyü iddia olunur.
Hələ iyun ayında Priqojinlə Rusiya ordusunun rəhbərliyi arasında gərginlik pik həddə çatmışdı. Priqojin iyunun 23-ü axşam saatlarında Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin əmri ilə helikopterlərdən muzdluların düşərgələrinə raket zərbələrinin endirildiyini və çoxlu sayda muzdlunun öldüyünü iddia etmişdi.
Ertəsi gün muzdlular Rostov və Voronejdəki hərbi obyektlərə hücum edərək ələ keçirmişdilər.
Ardınca Prezident Vladimir Putin xalqa müraciəti zamanı “Vaqner” rəhbərinin hərəkətlərini xəyanət adlandırmışdı. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirmişdi.
Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkildiyini elan etmişdi. Rəsmi məlumata görə, o vaxt Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib.