BLOQ

Yuxu kimi... Laçın-Şuşa səfəri barədə

Şuşaya dədə-baba yolu ilə - Ağdam-Əsgəran-Xocalı yolu ilə getdik

Yuxu kimi... Laçın-Şuşa səfəri barədə
  • Oxuma müddəti:

    7 dəqiqə

  • Bakı Abadlıq İdarəsinin Laçında keçirdiyi “Xalça belə yarandı” adlı sərgiyə dəvət almışdıq. Dedilər ki, bəlkə “Zəfər yolu” bağlı olacaq deyə, Horadiz-Cəbrayıl-Zəngilan-Qubadlı-Laçın yolu ilə gedəcəksiniz. Şuşada yaşayan dostlarımız sayəsində könhə yoldan getməyimiz üçün izn aldıq. Mayın 24-də ANS-in təsisçilərindən biri – Seyfulla Mustafayev, mən və ANS-in digər əməkdaşı Elçin Qəvami üzü Qarabağa doğru yola düzəldik...  

    Yevlax və Bərdədən keçib Ağdama doğru gedirdik. Postda bizi saxlayıb şəxsiyyət vəsiqələrimizi planşetə tuşladılar və bizi çox nəzakət və hörmətlə buraxdılar. Ağdamın çöl yolu ilə gedirdik deyə, ermənilərin viran qoyduğu, yer üzündən silmək istədiyi Ağdamı görə bilmədim. Ağdamın çıxacağında bir post da var idi, yoxladılar və yenə də bizi nəzakətlə yola saldılar.

    Girdik Əsgəran ərazisinə... Axırıncı dəfə bu yolu 34 il əvvəl keçmişdim. Əsgəran qalası elə bil yolumuzu gözləyirdi – saralmış, köhnəlmiş daşları üzümüzə gülürdü.

    Düşmənlər necə var, elə də qoyub getmişdilər qəsəbəmizi – evlər, kafelər, hotellər, təndirxanalar, “kababnı”lar, “benzinkolonka”lar və s...

    Burada inşaatçılar, polislər, kommunal xidmətçilərdən başqa hələ heç kim yaşamır. Hər yerdə ermənicə və rusca yazılar var.

    Milli Qəhrəman Çingiz Mustafayev 15 iyun 1992-ci ildə Əsgəranın Naxçıvanik kəndində həlak olub

    Xocalıya yaxınlaşırıq. Ora tərəf baxa bilmirəm. Elə bilirəm ki, orada bizimkilərin iniltisi, ruhu var...

    Sonra dolamalarla üzü yuxarı – Şuşaya doğru qalxırıq. Bizi yenə də yoxladılar, yenə də çox nəzakətlə yola saldılar.

    Şuşa postundan sonra üzü yuxarı – Qala divarlarının yanında saxlayırıq. Şuşa dumanın, sisin içində idi, əvvəlki kimi. Amma dağı-daşı necə sevinc içində idi, onu təsvir etmək mümkün deyil... 28 il əsarətdə qalmış doğma şəhər... Səndən ötrü o qədər darıxmışam, o qədər ağlayıb-sızlamışam... Barışmağın üçün nə qədər igidimiz canını fəda etdi...

    Şuşanın Qala divarı

    Şuşadan Laçına getməli idik deyə çox ləngimədik - Cıdır düzünə, üç il təhsil aldığım "pedaqoji"yə, yaşadığımız məhəlləyə baş çəkə bilmədim. 

    Şuşa, Gövhərağa məscidi

    Yolüstü “Bazarbaşı”-“Meydan” deyilən yerə də baş çəkib Laçına yola düşdük. Hava nə qədər soyuq olsa da, yol boyu maşınımızın pəncərələri açıq idi, dünyanın heç bir yerində olmayan təmiz havanı ciyərlərimizə “doldururduq”...

    Laçın heç vaxt belə gözəl olmayıb, düzdür, təbiəti çox gözəldir, amma indi sanki nağıldır – bəmbəyaz evlər, kirəmid damlar, şüşə kimi yollar, Həkəri çayının üstündə asma körpü, çal-çağır, qonaq-qaralı...

    Arabir yağış yağırdı, alaçıqlar qurulmuşdu – yağışdan qorunmaq üçün, amma hamı çöldə idi – yağışa, soyuq havaya rəğmən... Xalça sərgisi də qurtardı, konsert də. Bizi yaxınlıqdakı restorana yeməyə dəvət etdilər, şükür Allaha, stolun üstündə hər şey var idi – pomidor-xiyarından tutmuş şorbasına qədər. Bozartma da verirdilər. Bizi tanıdılar deyə pay da göndərdilər...

    Zabux kəndi o qədər gözəl salınıb ki...

    Laçında gecələmək üçün kiçik koteclər tikilib – gecəsi 40 manat. Hər ev ikinəfərlik yataq və bir divanla təchiz olunub. Su, işıq daimidir. Minibar da var idi.

    Laçının evlərində qaz da var, “kombi” sistemi quraşdırılıb, əlavə elektrik su qızdırıcıları da var. Amma gecəni yata bilmədim, yerimdə qurcalanırdım, inanmırdım Laçında olmağıma. Sonuncu dəfə 1987-ci ildə - 37 il əvvəl Laçının Mədəniyyət Evində konsert verəndə olmuşdum buralarda.  

    Səhər saat 8-ə qalmış çölə çıxdım, yenə yağış yağırdı, sakit...

    Özümüzlə hədiyyə gətirdiyimiz kitabları (ANS Press Nəşriyyat Evinin istehsalı idi) təhvil verib Şuşaya çıxdıq.

    Yeni yol layihələrinə baxa-baxa qalmışdıq...

    Səhər yeməyini “türmə”nin yaxınlığındakı pavilyonda yedik. “Poçt Rasim”in evində açılan pavilyonda aşpaz İslamın bişirdiyi, dadından doymadığımız yumurta-pomidor, Şuşada bişirilən çörək...

    Oradan çıxanda 10 addımlıqdakı “türmə”yə getdik, damı müharibə vaxtı uçub, divarları güllədən deşik-deşikdir. Amma həyətindəki qızılgül kollarının üstü doludur. İçəriyə baxdıq, “narı”lar necə vardı elə də qalmışdı. Vaxtilə azərbaycanlı əsirlərə burada nə zülmlər, işgəncələr verilmişdi...

    Vaqifin məqbərəsini ziyarət etdikdən sonra Cıdır düzünə qalxdıq. Göz-gözü görmürdü dumandan.

    Biz orada olanda azərbaycanlı turistlər də gəldilər – bayraqlı, kəlağayılı...

    Şuşada tikinti bumu gedir. Şəhər tikinti meydançasını xatırladır. Bazarın böyründə-başında olan beşmərtəbəli binalar sökülüb, yerində yeni binalar inşa edilir, musiqi məktəbi, musiqi texnikumu, univermaq, qastronomun binasının yerində başqa tikinti gedir. İcra hakimiyyətinin yanında erməni işğalına qədər Mədəniyyət Evi var idi, erməni işğalçıları onu yer üzündən sildilər...

    Biz Şuşada olanda şuşalıların köçü var idi - keçmiş məcburi köçkünlərin üzləri, gözləri gülürdü...

    Bir az aşağıda yerləşən "Qazançı kilsəsi"nə tərəf düşdük. Təmir-bərpa işləri gedir.

    Şuşada nahar yeməyini köhnə "Dom otdıx"da, indiki "Xarıbülbül" hotelinin yeməkxanasında yedik, açıq bufet idi - adambaşı 25 manat.

    Şuşadan çıxdıq. Yenə köhnə yolla... Şuşa-Xocalı-Əsgəran-Ağdam -Bərdə-Yevlax və üzü Bakıya doğru!

    Xankəndi Şuşa yolundan belə görünür

    Bakıya qayıdanda Əsgəranda işləyən hələ ki yeganə obyektdən təndir çörəyi aldlq.

    Əsgəran çörəyi

    Ağdamda əhval-ruhiyyəmiz tamam korlandı. Viran qalıb...Yerlə-yeksan olub. . 

    Ağdam teatrından qalanlar

    Üstündən günlər keçməyinə baxmayaraq, Laçın, Şuşa, Xocalı, Əsgəran, Ağdam hələ də mənə yuxu kimi gəlir...