XƏBƏRLƏR / Nəqliyyat

Zəngəzur dəhlizi həmçinin Çini Avropa ilə birləşdirəcək

“Azərbaycan Dəmir Yolları” QSC xəbər verir

Zəngəzur dəhlizi həmçinin Çini Avropa ilə birləşdirəcək
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Naxçıvandan keçən və Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolu beynəlxalq tranzit üçün əhəmiyyətlidir. Azərbaycan-Zəngəzur-Naxçıvan-Türkiyə istiqamətində uzanan dəmir yolu yalnız Azərbaycanın iki regionunu deyil, Çindən Avropaya qədər uzanan dəmir yolları sistemini birləşdirəcək.

    Beynəlxalq ticarət üçün Naxçıvan dəmir yolu xəttinin yenidən qurulması zəruridir. İşlər yekunlaşdıqdan sonra yolun buraxılış qabiliyyəti 15 milyon ton olacaq.

    “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına əsasən, xəttin uzunluğu 188 kilometrdir, yeni layihəyə əsasən isə bu göstərici 194,2 kilometr təşkil edəcək. 10 stansiyanın və 3 sərnişin dayanacağı platformasının yenidən qurulması nəzərdə tutulur.

    Hazırda Naxçıvan dəmir yolu xəttinin Salamməlik stansiyasından Ermənistanla dövlət sərhədinədək olan 7 kilometrlik hissəsi üzrə layihələndirmə işləri tamamlanıb və tikinti işlərinə başlanılıb. Ərazidə mühəndislik və infrastrukturun yaradılması işlərinin bir qismi yekunlaşıb, digər hissəsi isə davam edir. Sentyabrın sonunadək yolun üst quruluşunun 6,3 kilometrlik hissəsinin quraşdırılması planlaşdırılır. Sərhəddən 700 metr məsafədə yerləşən qalan hissədə isə minatəmizləmə işləri tamamlandıqdan və layihələrin uzlaşdırılması məqsədilə Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) üzrə layihə hazır olduqdan sonra tikinti-quraşdırma işlərinə başlanılması nəzərdə tutulur. Eyni zamanda, Sədərək stansiyasından Türkiyə ilə dövlət sərhədinədək olan hissənin gələcəkdə Türkiyə tərəfindən icra edilən Qars-İğdır-Dilucu dəmir yolu ilə texniki və layihə baxımından uyğunlaşdırılması planlaşdırılır.

    Görülən işlərə nəzər saldıqdan sonra aydın olur ki, söhbət heç də dəmir yolunun təmirindən deyil, yeni müasir texniki avadanlıqlarla təchiz olunan dəmir yolunun tikintisindən gedir. Bu yol istismara verildikdən sonra Xəzəryanı regionla Türkiyə və Avropa arasında yeni ticarət yolu açılacaq. Bunun iqtisadi mahiyyəti yalnız tranzit gəliri əldə etməkdən ibarət deyil. Yol beynəlxalq xarakter daşıdığı üçün iri şirkətlər Naxçıvana sərmayə yatırıb yük terminalları tikəcək, nümayəndəliklərini açacaqlar, dəmir yoluna və vaqonlara xidmət məntəqələri təşkil olunacaq ki, bu da muxtar respublikanın beynəlxalq ticarət əlaqələrində rolunu artıracaq. Bununla yanaşı yeni iş yerləri açılacaq, logistika üzrə mütəxəssislərə ehtiyac artacaq və bütün bunlar perspektivdə Naxçıvanın yeni inkişaf mərhələsinə keçidindən xəbər verir.

    Naxçıvan ilə Azərbaycanı birləşdirən dəmir yolu Sovet hökuməti dövründə mövcud idi. Lakin bu yolun Ermənistandan keçən hissəsini erməni separatçıları, Azərbaycandan keçən hissəsini isə AXC-Müsavat hakimiyyətinin nümayəndələri dağıtmışdılar. Yolun strateji əhəmiyyətini anlamayanlar polad reysləri söküb satırdılar. Lakin Prezident İlham Əliyev Azərbaycanın coğrafi mövqeyini dəqiq qiymətləndirərək Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış edərək Amerika və Avropadan dəstək aldı. Prezidentin Naxçıvana səfəri zamanı dəmir yolunun tikintisinin gedişi ilə tanış olması da təsadüfi xarakter daşımırdı.

    Bu gün Azərbaycanın şimal və cənubunda baş verən hərbi münaqişələr Orta Dəhlizin funksionallığını artırıb. Orta Dəhlizin davam olan Zəngəzur dəhlizi də Çin və Mərkəzi Asiya respublikalarını Türkiyə və Avropa ilə birləşdirir. Çin və digər Cənub Şərqi Asiya ölkələri məhz Orta Dəhliz ilə Avropa ilə ticarəti davam etdirmək istəyir. Avropa Rusiya ilə qarşıdurma vəziyyətində olduğu üçün ixrac və idxal əməliyyatlarını sabit regiondan-Azərbaycan üzərindən həyata keçirməyə çalışır ki, bu da daşınan yükün həcmini artırır. Bu baxımdan Zəngəzur dəhlizinin tez bir zamanda istismara buraxılması lazımdır.

    Dəhlizin Ermənistanın ərazisinə düşən hissəsini isə rəsmi İrəvan tez bir zamanda tikib istifadəyə verməlidir.