6 illik fasilədən sonra Tbilisi-Bakı qatarı bərpa olunur
Bu barədə Gürcüstan Hökuməti və Azərbaycan İqtisadiyyat Nazirliyi məlumat verib YENİLƏNİB
22:05
“Azərbaycan Dəmir Yolları” QSC və "Gürcüstan Dəmir Yolları" SC arasında əldə olunmuş ilkin razılaşmaya əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tblisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.
Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq veriləcək.
İctimaiyyətə əlavə məlumat təqdim ediləcək.
***
10:01
İqtisadiyyat Nazirliyi xəbər verir ki, Azərbaycan və Gürcüstan 26 may 2026-cı il tarixindən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəldilər.
***
2026-05-18 17:33
Gürcüstanla quru sərhədi yenidən açılır: tarix açıqlandı
Bakı ilə Tbilisi arasında gündəlik sərnişin dəmir yolu xidməti altı illik fasilədən sonra 26 mayda bərpa olunacaq.
Bu barədə Gürcüstan Hökumət Administrasiyası məlumat verib.
Qərar Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşdən sonra elan edilib. Görüşdə tərəflər strateji tərəfdaşlıq və əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Danışıqlardan sonra İkitərəfli Koordinasiya Şurasının protokolu imzalanıb. Sənəddə, digər məsələlərlə yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolunun yeni hissəsinin tam istifadəyə verilməsi də nəzərdə tutulur, baxmayaraq ki, istifadəyə verilmə tarixi göstərilməyib.
Xatırladaq ki, keçən il də Gürcüstan höküməti Azərbaycan-Gürcüstan quru sərhədinin 2025-ci ilin may ayının sonunda açılacağı və Tbilisi-Bakı qatarının bərpası haqda məlumat yaymışdı. Sonradan Azərbaycan Dəmir Yolları QSC bu məlumatı təkzib etdi.
2 dəqiqə