"Ermənistanın əsas tərəfdaşları - ABŞ və Avropadır"
Bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Argentina televiziyasına verdiyi müsahibədə deyib
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ və Avropanı Ermənistanın əsas tərəfdaşları adlandırıb, lakin eyni zamanda xarici siyasətdə hər hansı “dönüş”dən söhbət getmədiyini bildirib. "Bizdə demokratiya var, demokratik təsisatları gücləndirmək istəyirik. Biz görürük ki, məsələn, ABŞ və Avropa İttifaqı əsas tərəfdaşlardır", - deyə o əlavə edib ki, Brüssel və Vaşinqtonla iqtisadi əlaqələr də dərinləşir.
XİN rəhbəri Argentinanın "Todo Noticias" telekanalına müsahibəsində bildirib ki, Ermənistan NATO-ya daxil olmaq niyyətində deyil, xüsusən də ölkə artıq təşkilatla əməkdaşlıq etdiyi üçün.
Nazirin sözlərinə görə, Ermənistan Kosovodakı mövcudluğunu artırıb, “Əfqanıstanda sülhməramlı əməliyyatlarda” iştirak edir və bu, “əməkdaşlığın bir formasıdır”. "Əgər söhbət NATO-ya daxil olmaq niyyətindən gedirsə, yox. Bu gün bu məsələ Ermənistanın gündəmində deyil", - Mirzoyan əlavə edib.
Rusiya Ermənistanın bütün bəyanatlarına diqqətlə yanaşır, bunu Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ABŞ və Avropa İttifaqı ilə tərəfdaşlıq barədə bəyanatını şərh edərkən deyib.
“Mən Ermənistanın Rusiya ilə qarşıdurma kontekstində sözün geniş mənasında ABŞ və Qərbin geosiyasi oyunbazlıq obyektinə çevrildiyinə inanmağa meylliyəm. Bu, çox təhlükəlidir və yeri gəlmişkən, təkcə İrəvanla Moskva arasındakı münasibətlərə deyil, həm də Ermənistanın regional və dünya məsələlərində nüfuzuna və perspektivlərinə çox spesifik ziyan vura bilər. Bunu başa düşməmək çox təhlükəli səhvdir”, - deyə Karasin Lenta.ru-ya bildirib.