Bu gün günorta saatlarında Türkiyənin paytaxtı Ankaraya güclü yağış yağıb. Leysan yağışları nəticəsində ictimai iaşə müəssisələrinin və binaların zirzəmilərini, fərdi yaşayış evlərinin həyətlərini su basıb, nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.
“TRT Haber” xəbər verir ki, küçə və parklarda yağışa hazırlıqsız yaxalanan vətəndaşlar bağlı ərazilərdə leysan yağışının dayanmasını gözləyib.
Çankaya rayonunda Yenişehir Qapalı Bazarının qarşısında dərin gölməçələrin əmələ gəlməsi nəticəsində avtomobillərin hərəkəti iflic olub və maşınlar suyun içində sönüb qalıb. Avtomobillərində qalan bəzi vətəndaşlar, o cümlədən uşaqlar yanğınsöndürənlər tərəfindən xilas edilib.
Ankara metrosunu da su basıb. Keçiören mahalının Etlik məhəlləsində torpaq sürüşməsi nəticəsində binanın istinad divarı uçub.
Ankara valisi Vasip Şahin sosial media hesabında güclü yağış səbəbindən bəzi yeraltı keçidlərin nəqliyyata bağlandığını açıqlayıb.
Bildirilir ki, yağışlı hava şəraiti qarşıdakı günlərdə də davam edəcək.