XƏBƏRLƏR / İctimaiyyət

AŞPA həmməruzəçiləri müstəqil media ilə görüşüblər

Görüşdə media haqqında yeni qanun müzakirə olunub

AŞPA həmməruzəçiləri  müstəqil media  ilə görüşüblər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda monitorinq üzrə həmməruzəçiləri Yan Liddel-Qreynqer (Böyük Britaniya) və Liz Kristoffersen (Norveç) iyunun 6-da Azərbaycanın  müstəqil media qurumlarının nümayəndələri ilə görüşüblər.

    Turan agentliyinin də əməkdaşının qatıldığı görüşdə medianın vəziyyəti müzakirə olunub.

    Media ictimaiyyətinin nümayəndələri mətbuat və informasiya azadlığının məhdudlaşdırılmasını qeyd ediblər.

    Xüsusilə media haqqında yeni qanunun müstəqil mətbuatın  üzərində “Damokl qılıncı” kimi asıldığı vurğulanıb. Bu sənəd media subyektlərini dövlət reyestrinə daxil etməyə məcbur edir, lakin bunun üçün ciddi şərtlər irəli sürülür. Artıq 40-dan çox KİV-in reyestrə daxil edilməsi müraciətinə imtina cavabı verilib.

    Həmçinin bir sıra KİV-lərin internet saytlarının bloklanması, jurnalistlərə qarşı cinayətlərin araşdırılmaması, müstəqil medianın iqtisadi əsaslarının çox zəif olması, arzuolunmaz jurnalistləra cinayət və inzibati işlərın açılması qeyd edilib.

    AŞPA nümayəndələri əldə etdikləri məlumatlardan Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsini qiymətləndirən hesabatın hazırlanmasında istifadə edəcəklərini bildiriblər.