AŞPA-nın yay sessiyası başlayır
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib
Milli Məclisin deputatları - Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri Rafael Hüseynov, Kamal Cəfərov, Erkin Qədirli, Könül Nurullayeva, Pərvin Kərimzadə, Nigar Arpadarai qurumun yay sessiyasında iştirak etmək üçün iyunun 18-də Fransanın Strasburq şəhərinə səfər edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, AŞPA-nın yay sessiyasında Türkiyədə parlament və prezident seçkilərinin müşahidəsinin nəticələri, transmilli repressiyanın qanunun aliliyinə və insan hüquqlarına təhdidi, səhiyyədə sağlamlığa vahid yanaşma, miqrantların və qaçqınların sosial inteqrasiyası, rəqəmsal texnologiyalara bərabər çıxışın təşviqi və digər məsələlərə baxılacaq.
Tədbirdə Böyük Britaniyanın insan hüquqları qanunvericiliyində islahatlar, Ukraynada vəziyyət, regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Yığıncaqda, habelə Avropa Şurasının 2024-2027-ci illər üçün büdcəsi və prioritetləri, Avropa Şurası Parlament Assambleyasının 2024-2025-ci illər üçün xərcləri barədə məruzələr, qurumun Büro və Daimi Komitəsinin fəaliyyəti ilə bağlı hesabatlar dinləniləcək.
Səfər iyunun 25-də başa çatacaq.