XƏBƏRLƏR / Münaqişə

Astara sərhədində növbəti təxliyə FOTO

Xarici vətəndaşlar Azərbaycanda göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirirlər

Astara sərhədində növbəti təxliyə FOTO
  • Oxuma müddəti:

    2 dəqiqə

  • “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində həyata keçirilən növbəti təxliyə mərhələsində müxtəlif ölkələrin, o cümlədən Çin, Şri-Lanka, Kanada və ABŞ vətəndaşları Azərbaycan ərazisinə daxil olublar.

    Onlar son zamanlar İranda baş verən hadisələrə görə bu ölkəni tərk etmək məcburiyyətində qalanlardır. Təxliyə olunan şəxslər əvvəlcədən beynəlxalq protokollara əsasən müvafiq sənədlərlə təmin olunub, Azərbaycan sərhəd xidmətinin əməkdaşları tərəfindən dəqiq və çevik aparılan prosedurlarla məntəqədən qəbul ediliblər.

    Sərhəd-keçid məntəqəsində təşkil edilmiş yardım zonasında onlara ilkin tibbi baxış keçirilib, həmçinin psixoloji dəstək xidməti də təqdim olunub.

    Bəzi vətəndaşlar Azərbaycanda gördükləri isti münasibət və təşkilatlanma səviyyəsindən duyduqları razılığı bölüşüblər. Onlardan biri, İrandan təxliyə olunan Çin vətəndaşı Ka Tung Tai deyib: “Burada insanlar çox yardımsevər və mehribandırlar. Özümüzü tam təhlükəsizlikdə hiss edirik. Azərbaycan çox gözəl ölkədir. Bizə kömək etdiyiniz üçün təşəkkür edirik”.

    Təxliyə olunan şəxslər üçün xüsusi avtobuslar ayrılıb və onlar təhlükəsiz şəkildə Bakı istiqamətində yola salınıblar.

    Azərbaycan Respublikasının aidiyyəti qurumları bu prosesin növbəti mərhələlərində də yüksək hazırlıq vəziyyətində fəaliyyət göstərir.

    Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.