Azərbaycan və Naxçıvan arasında maneəsiz əlaqə təmin olacaq
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyanat verib
Baş nazir Nikol Paşinyan hökümətin iclasında bəyan edib ki, Ermənistan və ABŞ arasında birgə bəyanat TRIPP layihəsinin bütün fundamental məsələlərini həll etdi.
Ermənistan razılaşdırılmış müddətlər daxilində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır, deyə Paşinyan bildirib.
"Siyasi iradəmizi vurğulamaq və bir daha təsdiqləmək istərdim: razılaşdırılmış müddətlər daxilində, o cümlədən dəfələrlə bəyan etdiyimiz prinsiplərə uyğun olaraq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırıq, istəyirik və mütləq bu istiqamətdə irəliləyəcəyik. Bizim fikrimiz budur ki, burada da münaqişə məntiqindən kənara çıxmalı və normal, dinc atmosferə və düşüncə tərzinə doğru irəliləməliyik", - deyə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasında bildirib.
O, TRİPP-lə əlaqədar əlavə edib ki, "ABŞ Tramp Marşrutu layihəsinin hazırlıq mərhələsinə 140 milyon dollar sərmayə qoyub. Bütün sonrakı investisiyalar konkret layihələrdən və əlaqəli hesablamalardan asılı olacaq. Amma şübhəsiz ki, investisiya samballı olacaq. Lakin bu gün heç kim sizə konkret rəqəm deyə bilməz."
1 dəqiqə