Azərbaycan yazıçısı Həmid Herisçinin ad günüdür
Vergilidir, müstəqillik dövrünün ədəbi fenomenidir

Həmid Herisçi... birinci dövrdə sağ, ikinci dövrdə sol əllə yazıb; istəsə, ayaqları ilə də yaza bilər.
1. Vergilidir; müstəqillik dövrünün ədəbi fenomenidir; əhli-kəramətdir; söhbətləri spiritual seans, özü maqdır; əvvəl qarasından idi, indi ağındandır; bu üzdən hərdən ağını çıxarsa da, gənclər gərək onun üzünə ağ olmasınlar; onları palçıqdan ata-anaları yapsa da, burunlarına nəfəsi Həmid üfürüb.
2. İntellektualdır; ünsiyyətindən zövq aldığım üç adamdan (digərləri E.Z.Qaraxanlı və İ.Fəhmidir) birincisidir; bildiyini verəndir; paxıllığı yoxdur; elə bil, “adam” deyil; karyerizm, söz gəzdirmək, ara vurmaq, araq vurmaq... kimi “insani” hisslərdən uzaqdır, yadplanetlidir, Fantomasdır.
3. İntonasiyası tribundur, fitva verməyə meyillidir, əmmamənin üstündən kepka qoyur, Şəms Təbrizi irfanını Mayakovski diksiyasına calayır; şeirin gələcək yaşam perspektivini onun ağlasığmaz kəşflərlə dolu, canlı poeziyasında görürəm; bu cür yazan şair meyxananı dövrün aparıcı janrı elan edir – paradoksdur.
4. Təəccüblüdür: nə əcəb tibb sahəsini seçməyib; cərrah-anatomdur – şeirləri, bədii nəsri, esseistikası və teleproqramlarında mövzunun ətini yarıb skeletinə çıxır; gözəgörünməz əlaqələri açır; üçüncü gözü var; Anarın “Göz muncuğu” povestinin qəhrəmanı Əhlimandır; əhli-imandır – xətrinə dəyənin cəzası ağır olur.
5. Sevimli obrazı gah cənubdan, gah şimaldan əsən Bakı küləyidir; bu onun avtoportretidir – əslən Təbriz fədailəri nəslindəndir, Moskvada oxuyub; çevik və qlobal siyasi təfəkkürü baxımından anoloqu yoxdur; yaradıcılığı iki dövrə bölünür: postmodernist “Nekroloq” dövrü ölümdən, konspiroloji “Solaxay” dövrü dirilmədən danışır; “Solaxay” romanı ilə Muğannadan sonra dirilməni təsdiq edən ikinci nasirimizdir; həm postmodernizmin, həm də konspirologiyanın banisidir; birinci dövrdə sağ, ikinci dövrdə sol əllə yazıb; istəsə, ayaqları ilə də yaza bilər.
6. İstinad nöqtəsi – tradisional metafizika üstəgələk Təbriz fədai məktəbi.
Tənqidçi: Əsəd Cahangir