XƏBƏRLƏR / Qalmaqal

Batumi qırğınının əks-sədası... VİDEO/FOTO

Türkiyənin "Beşiktaş" və İsrailin "Hapoel Beer Şeva" komandalarının oyunu Gürcüstan polisinin dəhşətli zorakılığı ilə yadda qalıb

Batumi qırğınının əks-sədası... VİDEO/FOTO
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Batumidə UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda “Beşiktaş”-“Hapoel” (Beer-Şeva) oyunu keçirilib. Bu İsrail komandasının ev oyunu sayılır, çünki Yaxın Şərqdəki vəziyyətə gorə İsrail klubları ev oyunlarını müxtəlif ölkələrdə keçirməyə məcburdurlar.

    Oyunu izləmək üçün Türkiyədən Batumiyə çox sayda azarkeşlər gəlib. Onlar oyundan əvvəl və stadiona daxil olandan sonra Fələstini dəstəkləyən sloqanlar səsləndirib, Fələstnin bayraqlarını və plakatlar qaldırıb.

    Buna reaksiya verən Gürcüstan polisi türk azarkeşlərinə qarşı gözyaşardıcı qaz və ifrat güc tədbiq edib.

    VİDEO

    İş o yerə çatıb ki, danimarkalı hakim Morten Kroq matçın 26-cı dəqiqəsində oyunu dayandırmağa məcbur olub.

    Təxminən yarım saatdan sonra bərpa edilən oyunda "Beşiktaş" 2:1 hesabı ilə "Hapoel Beer Şeva"ya qalib gəlib.

    Oyundan sonra Gürcüstan polisi stadionu tərk edən türk azarkeşlərinin ovuna çıxıb.

    Türk vətəndaşları arasında çoxlu xəsarət alan və xəstəxanalara müraciət edənlər var.

    ***

    Matçdan sonra Türkiyə, Gürcüstan və İsrail rəsmiləri tərəfindən müxtəlif fikirlər və etirazlar səslənməyə başlayıb.

    Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi Gürcüstan polisinin Beşiktaş azarkeşlərinə qarşı qeyri-mütənasib güc tətbiq etdiyini bildirib.

    "Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili ilə telefon danışığımız oldu", Çiftçi deyib. "Vətəndaşlarımıza qarşı qeyri-mütənasib güc tətbiqindən narahatlığımızı ifadə etdik. Həmkarım azarkeşlərimizdən Fələstin bayraqlarını müsadirə edənlərin Gürcüstan hökumət rəsmiləri deyil, UEFA nümayəndələri olduğunu və bu hadisələrdən sonra stadiona nazir müavini göndərdiyini bildirib."

    ***

    Türkiyənin xarici işlər naziri Hakan Fidan gürcü həmkarı Maka Boçorişvili ilə telefon danışığı aparıb.

    Türkiyə mediasının məlumatına görə, tərəflər Batumidə "Hapoel Beer Şeva" ilə oyun zamanı Gürcüstan hüquq-mühafizə orqanlarının Beşiktaş azarkeşlərinə müdaxiləsindən sonra yaranan gərgin vəziyyəti müzakirə ediblər.

    Türkiyə tərəfi hadisə ilə bağlı narahatlığını bildirib. Ankara vəziyyəti yaxından izləyir və vətəndaşlarının hüquqlarını və təhlükəsizliyini qorumaq üçün lazımi tədbirləri görmək niyyətindədir.

    ***

    Türkiyənin idman naziri Osman Aşkın Bak da İstanbul klubuna dəstəyini ifadə edərək, Ankaranın azarkeşlərinin hüquqlarını müdafiə etməyə davam edəcəyini bildirib.

    Nazir vurğulayıb ki, "Gürcüstan təhlükəsizlik qüvvələrinin azarkeşlərimizə qarşı qeyri-mütənasib müdaxiləsini qətiyyətlə pisləyirəm".

    ****

    Türkiyənin "Fənərbaxça" və "Qalatasaray" futbol klubları Gürcüstanda İsrailin "Hapoel" klubu ilə oyundan əvvəl və oyun zamanı türk azarkeşlərinə edilən hücumları pisləyiblər.

    "Qalatasaray" eyni zamanda UEFA-nı ikili standartlarda günahlandırıb və Gürcüstan polisinin hərəkətlərini tənqid edərək, türk azarkeşlərinə qarşı güc tətbiqini qeyri-mütənasib adlandırıb.

    ****

    Qeyd edək ki, UEFA hadisə ilə bağlı hələ rəsmi mövqe bildirməyib.