"Bəzi dəmir yollarını dövlət vəsaiti hesabına tikə bilərik"
Bunu Türkiyə və Azərbaycanla birləşdirən dəmir yolları haqda Baş naziri Nikol Paşinyan deyib
Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşün əsas mövzulardan biri Ermənistan ərazisində Cənubi Qafqaz Dəmir Yolu (CQDY) şirkətinin konsessiya idarəçiliyində olan dəmir yolu sahələrinin bərpası olub.
“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün brifinqdə bildirib.
Onun sözlərinə görə, söhbət İcevan, Yerasx (Arazdəyən-red.) və Axurikdə yerləşən, Ermənistanı Azərbaycan, Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolu xətlərindən gedir.
Paşinyan vurğulayıb ki, dəmir yolu xətlərinin bərpası zamanı prosesi ləngidən hər hansı problemlər yaranarsa, Ermənistan onları dövlət vəsaiti hesabına müstəqil şəkildə bərpa etməyə hazırdır.
“Hazırda Azərbaycandan Ermənistana idxal var, ümid edirəm ki, Ermənistandan Azərbaycana ixrac olacaq”, - Paşinyan əlavə edib.
Xatırladaq ki, Paşinyan Sankt-Peterburqda Rusiya Prezidenti Putinlə görüşdə Ermənistanı Azərbaycan və Türkiyə ilə birləşdirən dəmir yollarının mümkün bərpası üçün hazırlıq işlərinin zəruri olduğunu bildirib və Rusiyaya bu yolların bərpa edilməsini təklif etmişdir.
1 dəqiqə