XƏBƏRLƏR / Nəqliyyat

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib FOTO

Xəttin istifadəyə verilməsi rəsmi açılış mərasimi çərçivəsində simvolik düymənin basılması ilə qeyd olunub

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib FOTO
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 14:47

    Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti modernləşdirilmədən sonra tam istismara verilib.

    Gürcüstanın Baş naziri İrakli Kobaxidze, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu istismara verilməni bildirən düyməni sıxıb.

    Xəttin istifadəyə verilməsi rəsmi açılış mərasimi çərçivəsində simvolik düymənin basılması ilə qeyd olunub.

    Rəsmi şəxslər birlikdə simvolik düyməni basaraq dəmir yolunun yeni mərhələdə istifadəyə verildiyini elan ediblər.


    ***

    14:20

    Bu gün Azərbaycan və Gürcüstanın birgə əməkdaşlığı nəticəsində mühüm bir layihə həyata keçirildi, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti istifadəyə verildi. Bu layihə sayəsində Orta Dəhlizə yeni bir marşrut əlavə olundu. Bu, həm Azərbaycan, həm də Gürcüstan üçün çox vacib strateji layihədir, eyni zamanda, Türkiyə istiqamətində də yeni imkanlar yaradır.

    Bu sözləri jurnalistlərə açıqlaması zamanı “Gürcüstan Dəmir Yolları” SC-nin direktoru Laşa Abaşidze deyib.

    Onun sözlərinə görə, BTQ kifayət qədər əhəmiyyətli strateji layihədir.

    “Azərbaycan və Gürcüstanın birgə əməkdaşlığı nəticəsində müasir və yüksək texnologiyalı infrastruktur formalaşdırılıb. Bu layihə yalnız bizim ölkələr üçün deyil, həm də Orta Dəhlizdə yerləşən bütün ölkələr üçün vacibdir. BTQ Orta Dəhlizi gücləndirəcək və ölkələrimizin tranzit rolunu daha da artıracaq”, - deyə L.Abaşidze vurğulayıb.

    ***

    14:13

    Bu gün Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılış mərasimi keçirilir.

    Mərasimdə Azərbaycan, Gürcüstan və Türkiyənin yüksəkvəzifəli rəsmilərinin, həmçinin dəmir yolu və liman administrasiyalarının rəhbərlərinin iştirak edir.

    Tədbir proqramına əsasən, qonaqların qarşılanmasından sonra rəsmi açılış mərasimi başlayacaq. Mərasimdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, eləcə də Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu çıxış edəcəklər.

    Çıxışlardan sonra BTQ-nin simvolik istifadəyə verilməsi mərasimi keçiriləcək və layihəyə həsr olunmuş videoçarx nümayiş etdiriləcək.

    BTQ Azərbaycan, Gürcüstan və Türkiyənin birgə həyata keçirdiyi strateji nəqliyyat layihəsidir. Son illərdə xəttin Gürcüstan hissəsində genişmiqyaslı modernləşdirmə işləri aparılıb. Görülən işlər nəticəsində marşrutun illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.

    Mütəxəssislərin fikrincə, xəttin tam istismara verilməsi Orta Dəhlizin imkanlarını genişləndirəcək, Çin və Mərkəzi Asiyadan Avropaya yükdaşımaların həcmini artıracaq və regionun tranzit potensialını daha da gücləndirəcək.