XƏBƏRLƏR / Seçki

ABŞ-da prezident seçkiləri keçirilir YENİLƏNİR

Həmçinin 33 senator, Nümayəndələr Palatasının 435 üzvü, 11 ştatın və iki ərazinin qubernatorunu, həmçinin yerli hökumətləri seçiləcək

ABŞ-da prezident seçkiləri keçirilir YENİLƏNİR
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 14:25

    ABŞ-da prezident seçkiləri başlayıb.

    S
    əsvermə məntəqələri müxtəlif ştatlarda fərqli saatlarda açılır. Ən erkən məntəqə yerli vaxtla saat 05:00-da (Bakı vaxtı ilə 14:00) Vermont ştatında açılıb. Meyn, Nyu Cersi, Nyu York, Virciniya kimi ştatlarda məntəqələr saat 6:00-dan etibarən seçiciləri qəbul edəcək. Paytaxt Vaşinqtonda səsvermə saat 07:00-da etibarən keçiriləcək. Vaşinqton və Alaska ştatlarında məntəqələr saat 11:00-da, Havay adalarında 12:00-da açılacaq.

    Ağ evin növbəti administrasiyası uğrunda mübarizə əsasən iki partiya arasında gedəcək. Bu gün seçicilər Respublikaçılar Partiyasından namizəd Donald Tramp və Demokratlar Partiyasından namizəd Kamala Harris arasında seçim edəcəklər.

    ABŞ-da müxtəlif ştatlardan asılı olaraq sentyabrın 20-dən etibarən erkən səsvermə başlayıb. Seçicilərin artıq 80 milyona yaxını öz səslərini veriblər. Onlar səsvermədə fiziki olaraq və ya səslərini poçt vasitəsilə göndərərək iştirak ediblər.

    Donald Tramp və Kamala Harris son günə kimi prezident seçkiləri ilə bağlı keçirilən sorğularda bərabər dəstəyə malik olublar. Bu da seçkilərin nəticələrinin daha gec anons ediləcəyi ilə bağlı ehtimalları artırır.

    ABŞ-da seçkilərin nəticələrini əsasən Arizona, Corciya, Miçiqan, Nevada, Şimali Karolina, Pensilvaniya və Viskonsin ştatlarının müəyyən edəcəyi gözlənilir. Seçkilərin ilkin nəticələri səslərin sayılmasından asılıdır. Sonuncu dəfə 2020-ci ildə seçkilərin nəticəsi səsvermədən 3 gün sonra elan edilmişdi.

    ABŞ-ın yeni seçiləcək prezidenti 2025-ci il yanvarın 20-də keçiriləcək inaqurasiya mərasimindən sonra səlahiyyətlərinin icrasına başlayacaq. Bu, ABŞ tarixində sayca 60-cı andiçmə mərasimi olacaq.

    Bugünkü seçkilərdə ABŞ-da prezident və vitse-prezident seçilməklə yanaşı, 119-cu ABŞ Konqresinin üzvlərini müəyyən etmək üçün Nümayəndələr Palatasındakı 435 yerin hamısı və Senatdakı 100 yerdən 34-ü uğrunda mübarizə aparılacaq.

    ***

    07:52

    Bu həftənin çərşənbə axşamı ABŞ-da 60-cı ümumi seçkilər keçiriləcək.

    Seçkilərdə amerikalılar prezident və vitse-prezidentlə yanaşı, 33 senator, Nümayəndələr Palatasının 435 üzvü, 11 ştatın və iki ərazinin qubernatorunu, həmçinin yerli hökumətləri seçməli olacaqlar.

    Ağ Ev uğrunda mübarizədə sabiq prezident Donald Tramp və Ohayonun senatoru Ceyms Devid Venslə vitse-prezident Kamala Harris və Minnesota qubernatoru Tim Vals rəqabət aparır.

    Xatırladaq ki, Harris hazırkı prezident Co Bayden namizədliyini geri götürəndən sonra Demokratların rəqibi oldu.

    Son aylarda hər iki namizəd fəal şəkildə təbliğat aparıb, onların arasında kəskin mübarizə gedib. 78 yaşlı Tramp Harrisi təcrübəsiz olmaqda ittiham edir və onun siyasətini radikal sol adlandıraraq onun seçilməsinin ölkədə sosialist dönüşünə səbəb olacağını iddia edir.

    Buna cavab olaraq, 60 yaşlı Harris Respublikaçı Trampın demokratiya üçün təhlükə yaratdığını deyir və onu seçki sisteminə etimadı sarsıtmağa çalışmaqda ittiham edir.