
Bu gün Azərbaycanda Aşuradır.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən, Məhərrəm ayının 10-u - Aşura günü iyulun 5-nə təsadüf edir.
Qazılar Şurası dindarlara xatırladır ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir.
QMİ Qazılar Şurası onu da diqqətə çatdırıb ki, “Dini etiqad azadlığı haqqında” Qanununun müddəalarına riayət edərək dini mərasimlər məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir.
Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması yolverilməzdir.
İyul ayının 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək.
Vətəndaşlar paytaxt Bakıda “Təzə Pir”, “Əjdərbəy”, “Sahib-Əz-Zaman”, “Şah Abbas”, “Qaraçuxur”, “İmam Əli”, “İmam Rza” məscidlərində, “Bibiheybət” məscid ziyarətgahında və “Mir Mövsüm Ağa” ziyarətgah kompleksində qan verə bilərlər.
Bölgələrdə isə Şuşa şəhər "Yuxarı Gövhər ağa", Ağdam şəhər "Cümə", Mingəçevir şəhər "Heydər", Sumqayıt şəhər "Cümə", Şəki şəhər "İmam Əli", Masallı şəhər "Cümə", Göyçay şəhər "Əbülfəzlil Abbas", Salyan şəhər Mərkəzi "Hacı Tağı", Naxçıvan şəhər “Heydər”, “Sarvanlar”, “Pirqəmiş” və Şirvan şəhər məscidlərində, Gəncə şəhər "İmamzadə" məscid ziyarətgah kompleksində, Bərdə şəhər "İmamzadə" məscid ziyarətgahında, Mərkəzi Qan Bankının Lənkəran və Quba bölmələrində, Masallı rayonunun Boradigah qəsəbə xəstəxanasında, Xaçmaz, Babək, Ordubad, Culfa, Şahbuz, Sədərək, Kəngərli, Şərur Rayon Mərkəzi xəstəxanalarında, Babək rayon Qahab, Cəhri, Nehrəm və Culfa rayon Bənəniyar kənd tibb məntəqələrində qanvermə aksiyaları təşkil edilib.
Aksiya zamanı toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, Məhərrəm ayı iyun ayının 26-dan başlayıb.