XƏBƏRLƏR / İdman

Bu gün “Qarabağ” səfərdə “Rakuv”a qarşı oynayacaq

Qurban Qurbanov: “Çox ciddi bir rəqibə qarşı oynayacağıq"

Bu gün “Qarabağ” səfərdə “Rakuv”a qarşı oynayacaq
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxacaq.

    Azərbaycan çempionu Polşa təmsilçisi “Rakuv”la qarşılaşacaq.

    İlk mərhələdə Cəbəllütariq çempionu “Linkoln”u hər iki görüşdə üstələyən (2:1, 4:0) ağdamlılar “Rakuv”la birinci matçını Çenstoxovadakı “Miejski” stadionunda keçirəcəklər. İsveçrəli baş hakim Lukas Fandrixin idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

    Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

    UEFA Çempionlar Liqası

    II təsnifat mərhələsi, ilk oyun

    26 iyul

    22:15. “Rakuv” (Polşa) – “Qarabağ” (Azərbaycan)

    Baş hakim: Lukas Fandrix (İsveçrə)

    Çenstoxova, "Miejski" stadionu

    “Çox ciddi bir rəqibə qarşı oynayacağıq. İstəkli komandadır. Bu komanda öz oyun intizamı ilə digərlərindən çox fərqlənir”. 

     Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Rakuv”la səfər oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

    Polşa klubunun onlara tanış rəqib olduğunu xatırladan mütəxəssis indi bu komandanın daha yaxşı formada olduğunu bildirib: “Biz bu komandaya qarşı yoxlama oyununda oynasaq da, indi onlarda xeyli dəyişiklik var. Daha intizamlı və keyfiyyətli komanda olub. Rəqibi daha yaxşı tanımaq üçün sabah bizim vaxtımız olacaq. Hər bir halda oyuna çox ciddi yanaşırıq. Yaxşı oyun və nəticə göstərmək istəyirik. Bu komandaya qarşı meydandan mübarizəsiz çıxmalı deyilik. İnanıram ki, yaxşı oyunla ən azından azarkeşlərimizi sevindirə biləcəyik”. 

    Q.Qurbanov bundan əvvəlki avrokubok oyunlarında Polşa təmsilçilərinə qalib gəlmələrinə baxmayaraq, bu rəqibə qarşı oyun ərəfəsində azarkeşlərin narahatlığı ilə bağlı isə bunları bildirib: “Bizim əvvəl oynadığımız rəqiblərlə bağlı Azərbaycan və Polşa mediasında xeyli açıqlamalar oldu. Amma mən qətiyyən bu barədə düşünmürəm. Əvvəlki oyunlara necə ciddi yanaşımışıqsa, buna da elə yanaşırıq. Əvvəlki nəticələri düşünmürük. Bu gün istənilən rəqibə qarşı eyni formada ciddi hazırlaşırıq. Əvvəlki oyunlar barədə düşünmək bizim ziyanımıza olar. Azərkeşlərimizə də demək istəyirəm ki, narahatlığa ehtiyac yoxdur. Yəqin rəqib daha ciddi olduğu üçün azarkeşlərimizdə narahatlıq var. Bu da tam doğrudur. Biz sadəcə meydanda sona qədər diqqətli olmalıyıq”.