Dağıstanlılar İsrail təyyarəsinin enməsinə etiraz ediblər
İsraildən gələn təyyarə Mahaçqalaya enməmişdən əvvəl bir neçə min insan hava limanına toplaşıb
Dağıstanın Mahaçqala şəhərində yerləşən hava limanında izdiham yaşanıb.
İsraildən gələn təyyarə Mahaçqalaya enməmişdən əvvəl bir neçə min insan hava limanına toplaşıb.
Aksiya iştirakçıları İsraildən gələnlərə etiraz ediblər və Fələstin xalqına dəstək olaraq ifadə ediblər. Etirazçılar "Allahu Əkbər" deyə qışqırıblar.
Sonra bir neçə yüz aqressiv şəxs terminalın binasına soxulub. Toplananların digər qrupları gələn sərnişinlərin pasportlarını yoxlayaraq hava limanından çıxan avtomobillərdə “axtarış” təşkil ediblər. Etirazçılar İsrail vətəndaşlarını axtarırlar.
Bəzi etirazçılar hava limanının uçuş zolağına çıxıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları razı salmaq və havaya atəş açmaqla baş verənlərin qarşısını almağa çalışıblar, lakin onların qüvvələri vəziyyəti nəzarətə götürmək üçün kifayət etməyib.
Rusiya Qvardiyasının əsgərləri hava limanına daxil olub.
Uytaş hava limanının işi iflic vəziyyətə düşüb. Nijnevartovsk-Mahaçqala reysi hava limanındakı etirazlara görə Mineralnıye Vodıya yönləndirilib.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti Mahaçqala hava limanının “naməlum şəxslərin içəri daxil olması səbəbindən” gəliş və uçuşlar üçün bağlandığını bildirib.
Şimali Qafqaz regionlarının rəhbərləri Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda respublikaların əhalisini sakit olmağa və aqressiv çağırışlara uymamağa çağırıblar.
Dağıstanın başçısı Sergey Melikov, Qaraçay-Çərkəzin rəhbəri Rəşid Temrezov və Kabardin-Balkar lideri Kazbek Kokov qeyd ediblər ki, Yaxın Şərqdə baş verən hadisələrə heç kəs biganə deyil. Bununla belə, təxribatlara uymamaq lazımdır.
Rusiya İstintaq Komitəsi Dağıstanda baş verən hadisələrlə bağlı kütləvi iğtişaşlar (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 212-ci maddəsi) maddəsi ilə cinayət işi açıb.
Kütləvi iğtişaşlarla bağlı maddə 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur. Hava limanına polis əməkdaşlarının olduğu avtobuslar gətirilib. Lakin hələlik həbslər barədə məlumat verilməyib. Sosial şəbəkələrdə bir qrup etirazçının polis avtomobilinin qarşısını kəsməsinin videosu yayılır.
Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsi bildirib ki, “iğtişaşlar törədənlər və etnik ədavəti qızışdıranlar” da cinayət məsuliyyətinə cəlb olunacaqlar. Daxili İşlər Nazirliyi onu da bildirib ki, hava limanında videomüşahidə sistemi olduğundan aksiyanın bütün iştirakçılarının şəxsiyyəti müəyyənləşdiriləcək.
Rusiya hakimiyyətinə yaxın "Baza" teleqram kanalı bir neçə nəfərin tutulduğunu bildirib.
Qeyd edək ki, bir neçə yüz nəfərdən ibarət qrup antisemit şüarları ilə Mahaçqala hava limanının uçuş-enmə zolağına çıxıb. Onlar yəhudiləri axtardıqlarını bildiriblər.