XƏBƏRLƏR / Diplomatiya

Diplomatik korpusun nümayəndələri Ağdama gəliblər FOTO

YENİLƏNİB

Diplomatik korpusun nümayəndələri Ağdama gəliblər FOTO
  • Oxuma müddəti:

    14 dəqiqə

  • 18:45

    Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş Ağdam şəhərində aparılan tikinti-quruculuq işləri ilə tanış olublar. Səfər iştirakçılarını Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

    Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov nümayəndə heyətinə Ağdam şəhərində həyata keçirilən quruculuq işləri barədə məlumat verib.

    Nümayəndə heyəti əvvəlcə Ağdam Muğam Mərkəzi ilə tanış olub. Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub və 2025-ci ilin mayın 10-da istifadəyə verilib. Mərkəzdə kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb. Buradakı 474 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı və digər otaqlar yaradılıb. Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib. Mərkəz Qarabağ bölgəsində qədim muğam sənətinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq.

    Diplomatik korpusun nümayəndələri sonra Ağdam şəhərindəki İmarət kompleksinə gəliblər. Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. İşğal dövründə digər tarixi-mədəni və dini abidələr kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş İbrahimxəlil xanın, onun oğlu, Qarabağın sonuncu hakimi Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı, görkəmli şair, rəssam Xurşidbanu Natəvanın məzarları İmarət kompleksində yerləşir. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də buradakı qəbiristanlıqda dəfn ediliblər. Ağdam şəhəri işğal edildikdən sonra qəbiristanlıq erməni vandalizminin qurbanı olub. İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də dağıdılıb.

    İşğaldan azad edildikdən sonra Ağdam İmarət Kompleksində restavrasiya və arxeoloji tədqiqat işləri həyata keçirilib. İmarət kompleksi mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş tikililər, türbələr, Qarabağ atlarının nümayiş olunması üçün atçılıq kompleksi və ziyarətçi mərkəzindən ibarətdir. Kompleks nəinki Qarabağın, eləcə də Azərbaycanın mühüm turizm və mədəniyyət mərkəzlərindən biridir.

    Qonaqlar Ağdam Sənaye Parkına da baş çəkiblər. Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, sahibkarlar dövlət vəsaiti hesabına infrastrukturla təmin edilirlər. Sənaye Parkında hazırda investisiya portfeli 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Parkın artıq 70 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib.

    “Mister Decor” Məhdud Məsuliyyətli Cəmiyyətinin divar kağızları istehsalı zavoduna gələn nümayəndə heyətinə bildirilib ki, investisiya həcmi 8 milyon manat olan müəssisə Cənubi Qafqazda divar kağızlarının istehsalı üzrə ixtisaslaşmış ilk zavoddur. Müəssisə il ərzində 2,1 milyon ədəd rulon divar kağızı istehsal etmək gücündədir. Artıq müəssisədə istehsal olunan divar kağızlarının xaricə ixracına başlanılıb.

    Diplomatlar “Eel Electric” Məhdud Məsuliyyətli Cəmiyyətinin elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı zavodunun fəaliyyəti ilə də tanış olublar.

    Diplomatik korpusun nümayəndələrinin iyunun 20-də Şərqi Zəngəzur və Qarabağa Laçın Beynəlxalq Hava Limanından başlayan səfəri Ağdam dəmir yolu vağzalında başa çatıb. Nümayəndə heyətinə bildirilib ki, Prezident İlham Əliyev ötən ayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib. Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verir. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi bölgədə ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, rayonun sosial-iqtisadi dirçəlişinə və regionlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək, öz ata-baba yurdlarına qayıdan soydaşlarımızın digər şəhər və rayonlara rahat şəkildə səfər etməsində böyük rol oynayacaq, ümumilikdə Azərbaycanın nəqliyyat potensialının genişlənməsinə xidmət edəcək.

    Diplomatlar Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksindən sürət qatarı ilə Bakıya yola çıxıblar.

    Qeyd edək ki, diplomatik korpusun nümayəndələri iyunun 20-də Laçında, iyunun 21-də səhər isə Şuşada olublar.

    ***

    15:07

    Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş Ağdama səfəri başlayıb.

    Xarici diplomatlar Ağdamda həyata keçirilən tikinti-quruculuq işləri, reallaşdırılan layihələrlə tanış olacaqlar.

    Səfər iştirakçılarını Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

    Qeyd edək ki, diplomatik korpusun nümayəndələri ötən gün Laçında, bu gün səhər isə Şuşada olublar.

    ***

    13:29


    Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şərqi Zəngəzur və Qarabağa səfər çərçivəsində iyunun 21-də Şuşa şəhərində olublar. Nümayəndə heyətini Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

    Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və şəhər işğaldan azad olunandan sonra burada aparılan bərpa-quruculuq işləri barədə məlumat verib. Bildirib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpası da həyata keçirilir.

    Nümayəndə heyətinin Şuşa ilə tanışlığı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ev-muzeyindən başlayıb. Üzeyir Hacıbəylinin evi XIX əsrdə inşa olunub. 1959-cu ildə bina ev-muzeyi kimi fəaliyyətə başlayıb. Görkəmli bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi Üzeyir Hacıbəylinin ev-muzeyi Şuşa şəhəri işğal edilən tarixədək fəaliyyət göstərib. Muzeydə Hacıbəylilər ailəsinə məxsus ev əşyaları, həmçinin bəstəkarın şəxsi əşyaları, fotomateriallar, kitablar - ümumilikdə 1700 eksponat qorunub saxlanılırdı. Şuşa şəhəri ermənilər tərəfindən işğal edildikdən sonra muzey fəaliyyətini dayandırmış, eksponatları talanmış, binası isə dağıdılmışdı. Muzeyin mövcud 1700 eksponatından yalnız 136-sını qorumaq mümkün olub.

    Şuşa şəhəri işğaldan azad olunandan sonra bir sıra tarixi binalar kimi Üzeyir Hacıbəylinin ev-muzeyi də bərpa olunub. Muzey binasında Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri zamanı yeni ekspozisiya yaradılıb. Burada Üzeyir Hacıbəylinin ev-muzeyinin xilas edilən eksponatları nümayiş olunur.

    Nümayəndə heyəti sonra “Şirin su” hamamına baxıblar. “Şirin su” hamamı 1880-ci ildə inşa edilib. Vaxtilə şəhərin digər hamamlarında ərazilərdəki şor quyu sularından istifadə olunurdu. Bu hamam isə Xan qızı Xurşidbanu Natəvanın Şuşaya çəkdirdiyi şirin su ilə təchiz edilib. Məhz buna görə də hamam “Şirin su” hamamı adlandırılıb. Şuşa şəhəri 1992-ci ildə ermənilər tərəfindən işğal edildikdən sonra “Şirin su” hamamında abidənin memarlıq üslubuna aid olmayan dəyişikliklər edilmiş, əlavə tikililər inşa olunmuş, hamam yararsız vəziyyətə salınmışdı. “Şirin su” hamamı 2022-2024-cü illərdə bərpa olunub.

    Merdinli məhəlləsinə gələn qonaqlara məlumat verilib ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri memarlıq abidələri ilə yanaşı, həm də məhəllələri ilə tanınır. Qədim Şuşada 17 məhəllə olub. XVIII əsrin sonları, XIX əsrin əvvəllərində salınmış Merdinli məhəlləsi şəhərin mərkəzi hissəsində yerləşir. Merdinli məhəlləsindən bir çox tanınmış şəxsiyyətlər çıxıb. Şuşa şəhərinin digər tarixi məkanları kimi, Merdinli məhəlləsi də erməni vandalizminə məruz qalıb.

    Diplomatik korpusun nümayəndələri Şuşa şəhərinin Qarabağ küçəsində həyata keçirilən tikinti işləri ilə də tanış olublar. Bu küçədə dövlət-özəl tərəfdaşlığı çərçivəsində ümumilikdə müxtəlif təyinatlı 10 binanın inşası aparılır. İnşa olunan binalar arasında mehmanxana, ofislər, iaşə obyektləri var. Tikinti işləri şəhərin ümumi görünüşünə uyğun həyata keçirilir. Binaların tikintisində Şuşanın daşlarından istifadə olunur. Bu binaların inşası tarixi Azərbaycan şəhəri olan Şuşanın inkişafı istiqamətində atılan addımların bir hissəsidir.

    Qonaqlar Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün ev-muzeyində də olublar. Görkəmli musiqiçi 1982-ci ildən ev-muzeyi kimi fəaliyyət göstərən bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib. Muzeydə Bülbülün uşaqlıq illərinə aid şəkillər, şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı da nümayiş etdirilirdi. Muzeydə Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd toplanmışdı. Burada, həmçinin Azərbaycanda yeni vokal məktəbinin yaradılmasında, xalq musiqisinin öyrənilməsi və təbliğində Bülbülün çoxillik səmərəli yaradıcı işini təsdiq edən materiallar nümayiş olunurdu.

    Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırmışdı. Şuşa şəhəri işğaldan azad olunandan sonra Prezident İlham Əliyevin tapşırığına əsasən muzeydə təmir-bərpa və yenidənqurma işləri aparılıb.

    Səfər çərçivəsində xarici diplomatlar Şuşa şəhərində birinci yaşayış kompleksində yaradılan şəraitlə də tanış olublar. Təməli 2021-ci ildə qoyulan yaşayış kompleksinin açılışı 2024-cü il mayın 10-da olub. Bütün evlər Şuşanın ənənəvi üslubunda inşa edilib. İyirmi üç binadan ibarət yaşayış kompleksində sakinlərin rahat yaşaması üçün hər cür şərait yaradılıb. Keçmiş məcburi köçkünlər doğma şəhərlərinə qayıdaraq yaşayış kompleksində məskunlaşıblar.

    Xarici diplomatlar sonra Mehmandarovların malikanə kompleksinə gəliblər.

    Malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa edilib. Mehmandarovlar ailəsinə məxsus kompleksə böyük və kiçik yaşayış binaları, ailə məscidi və bulaq daxildir. Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən Mehmandarovların malikanə kompleksində, həmçinin ailə məscidi və ərazidəki bulaqda təmir-bərpa işləri həyata keçirilib.

    Sonda Cıdır düzünə gələn diplomatik korpusun nümayəndələri buradan açılan təbiət mənzərəsini seyr ediblər.

    Cıdır düzü dağlar qoynunda yerləşən şəhərin yeganə və ən böyük hamar ərazisidir. Elə bu səbəbdən də qədimdən burada Qarabağ igidlərinin cıdır yarışları, çövkən oyunları, Novruz və digər el şənlikləri keçirilib. Cıdır düzü bütün zamanlarda şuşalıların və Şuşaya təşrif buyuran qonaqların ən sevimli məkanı, seyrəngahı olub. 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan əsgərləri böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxıb, canları və qanları bahasına Şuşanı işğaldan azad ediblər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.

    Səfər iştirakçıları Cıdır düzündən açılan təbiət mənzərəsini seyr ediblər.

    Qeyd edək ki, diplomatik korpusun nümayəndələri ötən gün Laçında görülən işlərlə tanış olublar.

    ***

    10:16

    Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şərqi Zəngəzur və Qarabağa səfər çərçivəsində Şuşa şəhərinə gəliblər.

    Xarici diplomatlar Qarabağın incisi, Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhəri, burada həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.

    Səfər iştirakçılarını Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

    Qeyd edək ki, diplomatik korpusun nümayəndələri ötən gün Laçında olublar.