XƏBƏRLƏR / Diplomatiya

Zaxarova erməni jurnalistin sualına qəzəbləndi

"Mən heç vaxt sizin başqa ölkələrdə abidələrin kütləvi müdafiəsinə yardım etdiyinizi görməmişəm"

Zaxarova erməni jurnalistin sualına qəzəbləndi
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni jurnalistin “Qarabağda Böyük Vətən Müharibəsi qəhrəmanlarının abidələrinin azərbaycanlılar tərəfindən dağıdılmasına” Rusiyanın necə reaksiya verəcəyi ilə bağlı sualına kəskin reaksiya verib.

    “Sizin bu barədə bir dənə də materialınızın olduğunu heç vaxt eşitməmişəm, görməmişəm. Ukraynada sökülən abidələr, məzarlar arasında Qırmızı ordunun erməni kökənli əsgərləri olmayıb bəyəm? Heç vaxt bu barədə sualınızı, danışmaq istəməyinizi eşitməmişəm. Niyə? Biz çox yaxşı başa düşürük ki, siz hansı kontekstdə və niyə bu mövzunu qaldırırsınız. Bunu etmək lazım deyil. Bu, artıq hörmətsizlikdir, təhqir etməkdir. Mənə belə suallar vermək, müntəzəm olaraq bu barədə suallar vermək... Bir daha deyirəm ki, Qırmızı ordunun sizin həmvətəniniz olan əsgərlərinin xatirəsi Avropa İttifaqı ölkələri ərazisində müntəzəm olaraq təhqir olunur. Siz hardasınız? Hanı sizin reaksiyanız? Ancaq bizim ölkəmiz çıxır və bütün mümkün vasitələrlə onları müdafiə edir. Siz nə danışırsınız? Bu artıq sərhədi aşmaq deməkdir. Bir daha deyirəm, bu, kəskin məsələ, çətin mövzu deyil. Bu, hörmətsizlikdir”, - Zaxarova vurğulayıb.

    Daha sonra Zaxarova Avropa İttifaqının Ermənistandakı missiyasına toxunub: "Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti ilə bağlı Azərbaycanın haqlı narahatlığı barədə məlumatlıyıq".

    Onun sözlərinə görə, bu qondarma missiyanın əməkdaşlarının nə ilə məşğul olduğu yaxşı məlumdur.

    "Onlar Ermənistanın qonşu ölkələri barədə casusluq edirlər. Əlbəttə ki, onlar İrəvan qarşısında hesabat vermirlər, regionda sabitliyə heç bir yardım etmirlər. O ki qaldı Ermənistanda dislokasiya olunmuş Rusiya hərbi bazasına, İrəvandan onun mümkün çıxarılması barədə heç bir siqnal almamışıq. Ölkənin rəsmi şəxsləri bu barədə publik danışıblar ki, belə məsələlər gündəlikdə dayanmır. İrəvanda anlayırlar ki, Rusiya hərbi bazası regionda, Ermənistanda və bütün Cənubi Qafqazda vacib təhlükəsizlik elementidir. Ermənistanla Rusiya arasında, eləcə də Azərbaycanla münasibətlərimiz kontekstində bu məsələ heç vaxt qaldırılmayıb", - Rusiya XİN sözçüsü vurğulayıb.