Dünya çempionatı: Ali Tsokayev bürünc medl qazandı
Astanada keçirilən güləş üzrə dünya çempionatının son günüdür
18:56
Azərbaycanın sərbəst güləşçisi Ali Tsokayev Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bürünc medal qazanıb.
92 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda görüşdə İran güləşçisi Əmirhüseyn Firuzpura qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Beləliklə, Ali Tsokayev dünya çempionatını bürünc medalla başa vurub.
Qeyd edək ki, oktyabrın 24-də başlayan dünya çempionatına bu gün yekun vurulacaq.
***
10:34
Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatına bu gün yekun vurulacaq.
Yarışın son günündə Azərbaycanın sərbəst güləş millisinin dörd üzvü bürünc medal uğrunda yarışacaqlar.
Cəbrayıl Hacıyev (79 kq) və İslam Bazarqanov (57 kq) yarımfinal məğlubiyyətindən sonra, Ali Tsokayev (92 kq) və Turan Bayramov (74 kq) isə rəqiblərinin finala yüksəlməsi sayəsində təsəlliverici görüşlərə qatılacaqlar.
C.Hacıyev və İ.Bazarqanovun bürünc medal görüşündəki rəqibləri təsəlliverici qarşılaşmaların nəticəsinə əsasən müəyyənləşəcək.
A.Tsokayev təsəlliverici görüşdə Nauru təmsilçisi Ceys Uera ilə qarşılaşacaq. Qalib gələrsə, bürünc medal uğrunda iranlı Amirhüseyn Firuzpurbandpeylə qarşılaşacaq.
T.Bayramov isə ilk təsəlliverici görüşdə kosovalı Ekzon Coni ilə qarşılaşacaq. Qələbə qazanacağı təqdirdə növbəti görüşdə tacikistanlı Viktor Rassadinlə güləşəcək. Bu qarşılaşmanın qalibi bürünc medal uğrunda yaponiyalı Yoşinosuke Aoyaqi ilə üz-üzə gələcək.
Xatırladaq ki, yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb. Sərbəst güləşçilərdən isə Arseni Cioyev (86 kq) gümüş, Giorgi Meşvildişvili (125 kq) isə bürünc mükafata sahib çıxıb.
2 dəqiqə