Ərdoğan: BMT-də islahatlar aparılması zəruridir
Türkiyə Prezidenti Rusiya-Ukrayna və İsrail-Həmas müharibələri fonunda bu zərurətin daha da artdığını deyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin təsis edilməsinin 78-ci ildönümü münasibətilə etdiyi müraciətdə bu qlobal təşkilatda islahatlar aparılması zəruriliyini vurğulayıb.
Türkiyə Prezidentinin mətbuat xidməti xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan son hadisələr – Rusiya-Ukrayna və İsrail-Həmas müharibələri fonunda bu zərurətin daha da artdığını vurğulayıb. O deyib: “Son vaxtlar baş verən hadisələr bizə BMT-də təcili islahatın vacibliyini bir daha xatırladır. BMT Təhlükəsizlik Şurasının məhdud sayda ölkənin təsirindən xilas edilməsi, demokratik və nüfuzlu vəziyyətə gətirilməsi beynəlxalq ictimaiyyətin ortaq və haqlı tələbidir. Türkiyə “dünya beş ölkədən böyükdür” prinsipi əsasında daha ədalətli bir qlobal nizamın yaradılması istiqamətində səylərini davam etdirəcək”.
Türkiyə dövlətinin başçısı qeyd edib ki, hazırda dünya iqlim dəyişikliyi, aclıq və yoxsulluq, islamofobiya və başqa fəlakətlərlə üz-üzədir. Onun sözlərinə görə, belə olan halda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri bu təşkilatın strukturlarının fəaliyyətinə də əngəl törədir, onların arasındakı ciddi fikir ayrılığı Ukrayna, Fələstin və digər münaqişələr zamanı atəşkəsin və sülhün təmin edilməsinə mane olur. O xatırladıb ki, məhz Türkiyənin səyləri nəticəsində Qara dənizdə taxıl dəhlizinin açılması, 33 milyon ton taxılın göndərilməsi və Rusiya-Ukrayna müharibəsində əsirlərin mübadiləsinə nail olunub.
Rəcəb Tayyib Ərdoğan İstanbulun gələcəkdə BMT-nin mərkəzinə çevrilməsi istiqamətində mühüm addımlar atıldığı, bu şəhərdə təşkilatın müxtəlif strukturlarına yer ayrıldığını diqqətə çatdırıb. O vurğulayıb ki, Ankaranın səyləri nəticəsində BMT Baş Assambleyası 15 mart tarixini Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan edib.