"Ermənistan Qarabağa deputat qrupu göndərə bilməz"
Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib
Ermənistan parlamentinin “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan spiker Alen Simonyana bir qrup deputatın Qarabağa göndərilməsini təklif edib. O, bunu müxalifətin “Hayastan” və “Mənim şərəfim var” fraksiyalarının bütün deputatlarının iştirak etdiyi Milli Məclisin növbəti iclası başlamazdan əvvəl bildirib.
Minasyan spiker Alen Simonyandan Laçın yolunun bağlanması nəticəsində yaranmış vəziyyətlə əlaqədar Qarabağ separatçılarını təmsil edən qondarma “deputatlarla” görüşün və ya müzakirənin planlaşdırılıb-planlaşdırılmamasını soruşub. "Qarabağlı həmkarlarla görüş ötən il sentyabrın 19-na təyin edilmişdi, lakin sentyabrın 13-də və 14-dəki vəziyyətə görə (Azərbaycan-Ermənistan sərhədindəki döyüşlər-red.) təxirə salındı. İndiki vəziyyətdə bu səfəri təşkil etmək çox çətindir və “həmkarlarla” da müzakirələr aparılmır”, - Alen Simonyan bildirib. Artsvik Minasyan Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini beynəlxalq ictimaiyyətə nümayiş etdirmək üçün bir qrup deputatın Qarabağa göndərilməsini təklif edib.
Alen Simonyan buna cavab olaraq bildirib ki, Laçın dəhlizinin bağlı olduğu indiki məqamda Qarabağa getməyin necə mümkün olduğunu təsəvvür edə bilmir. Eyni zamanda, Simonyan "Qarabağ parlamentariləri”nin etiraz etmədiyi təqdirdə onlarla distant müzakirələr aparmağa hazır olduğunu bildirib.