BLOQ

Əziz dostum Oqtay Əliyevin əziz xatirəsinə...

Əziz dostum Oqtay Əliyevin əziz xatirəsinə...
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Yadımdadır, 1993-cü ilin yayı idi. Rejissorluqda oxuyan qrup yoldaşımız Vaqif Birinci Qarabağ müharibəsində əsir düşməsin deyə, səngərdə qumbara ilə özünü partlatmışdı. Bu bizim kurs uşaqları üçün ağır zərbə olmuşdu, bütün İncəsənət institutu Vaqifin qəhrəmanlığından danışırdı...

    İkinci zərbəni gözləmədiyimiz yerdən aldıq – Oqtay Əliyevdən... Oqtayı institutdan tanıyırdım. O, tələbəlikdən belə idi: mehriban, gülərüz, təəssübkeş, yeniliyi sevən və yenilik edən... Sonralar da onu belə gördüm – illər onu dəyişdirmədi, əksinə, imkanı artdıqca başını aşağı saldı, dəfələrlə uşaqlarımızı bir yerə topladı.

    Azərbaycan televiziyaçılığını bayağılıqdan xilas etmək istədi, bütün layihələrində peşəkarlıq nümayiş etdirdi. Hamıya dəstək oldu, yardıma qaçdı...

    ANS-in bütün layihələrinə tamaşaçı kimi dəvət alır və mütləq iştirak edərdi...

    O həm də əsl vətənpərvər idi. Ermənicə yaxşı bildiyindən lazım olanda bu dildən tərcümə də edirdi...

    Bildiyimə görə, Oqtayın işi televiziyaya yaxşı layihə verməklə bitmirdi... Düşmənin dilini yaxşı bildiyinə görə İkinci Qarabağ müharibəsində də arxa cəbhədə ön cəbhə üçün işləmişdi...

    Bu gün yenə başına toplamışdı bizi – İncəsənət İnstitutunun 1992-1993-cü il buraxılışı orada idi. Hamımız bu gözlənilməz zərbənin Oqtaydan gəldiyinə inanmırdıq. Ta ki, nəşi evlərinin həyətindən qalxmayana qədər...

    Bu, Oqtay Əliyevin sonuncu layihəsidir.

    Alqışlar!!!

    Pərdə bağlanır...

     

    P.S. Oqtayın valideynlərinə, ailə üzvlərinə, həyat yoldaşı Dilarəyə ANS adından dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirəm!