Film çəkmək üçün Qubaya gedən çəkiliş heyətinin maşını aşıb
Ölən və yaralanan var VIDEO/FOTO

15:59
Quba rayonunun Qalayxudat kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
VİDEO
Bu barədə TƏBİB-dən məlumat verilib.
Müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə daxil olan 1977-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müalicəsi davam etdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisə zamanı 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
***
15:34
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qalayxudat kəndi yaxınlığında, yüksək dağlıq ərazidə "Ford" markalı yük avtomobili yoldan çıxaraq dərəyə aşıb.
Nəticədə bir nəfər hadisə yerində ölüb, bir nəfər isə yaralanıb. Xəsarət alan 1977-ci il təvəllüdlü Rəhimzadə Ramil Bayram oğlu Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda ona tibbi yardım göstərilir.
Qəzaya düşən şəxslərin film çəkmək üçün Qubanın Qrız kəndinə gedən çəkiliş heyətinin üzvləri olduğu bildirilir.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Quba rayonunun Qrız kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə nazirlikdən bildirilib.
Qeyd edilib ki, FHN-nin yanğınsöndürən xilasedici qüvvələri cəlb edilib. Avtomobildə sıxılı vəziyyətdə qalan şəxsin meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.