Gürcüstan Bakı ilə İrəvan arasında vasitəçiliyə hazırdır
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib
Gürcüstan qərəzsiz və neytral mövqedən çıxış edərək Azərbaycan ilə Ermənistan arasında vasitəçiliyə hazırdır.
Bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Heydər Əliyev Adına Tbilisi Dövlət Dram Teatrının təməlqoyma mərasimindəki çıxışı zamanı söyləyib.
“Gürcüstan hökuməti regionda uzunmüddətli sülhün bərqərar olunmasında iştirak etməyə hazırdır”, - deyə Qaribaşvili vurğulayıb.
Teatr binasının Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində inşa olunduğunu qeyd edən Baş nazir bunun Azərbaycan və Gürcüstan arasındakı məhsuldar əməldaşlıqdan xəbər verdiyini bildirib.
Hökumət başçısı Azərbaycan Prezidenti İlham Əliyevin bir müddət öncə Gürcüstana səfər etdiyini və burada baş tutan görüşün çox məhsuldar keçdiyini xatırladıb.
O, 4-cü Beynəlxalq İpək Yolu Forumunda iştirak etmək məqsədilə Tbilisiyə gəldiyi üçün Baş nazir Əli Əsədova təşəkkür edib və onun bu ziyarətini yüksək qiymətləndirib.