İran səfiri Ermənistandakı həmkarının qələtini düzəltdi
Seyid Abbas Musəvi Mehdi Sübhaninin "Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə" fikirini təkzib edib
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Ermənistandakı həmkarı Mehdi Sübhaninin təxribatçı çıxışına cavab olaraq "X" sosial şəbəkəsində yazır:
İranın prinsipial mövqeyi həmişə belə olub ki, Qarabağ Azərbaycanındır. Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağın Azərbaycanın suverenliyinə qayıtması İran tərəfindən xoş qarşılanıb. Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi yalnız Azərbaycanın suverenliyi və qanunları ilə tənzimlənməlidir."
Xatırladaq ki, Suriyada səfir və SEPAH-ın səlahiyyətli nümayəndəsi olmuş və oradan Ermənistana səfir göndərilmiş Mehdi Sübhani "Civilnet" erməni kanalına verdiyi müsahibədə “Qarabağ əhalisinin və hər bir sakinin hüquqları təmin edilməlidir. Onların öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşılmalıdır. Bu, bir reallıqdır ki, heç kim, o cümlədən Azərbaycan dövləti bu hüququ tapdalaya bilməz" demişdi.
Azərbaycan XİN bununla bağlı Sübhaninin sözlərini qınayan bəyanat qəbul edib və İran tərəfindən bu məsələyə aydınlıq gətirməyi tələb etmişdi.
Bir də qeyd edək ki, Mehdi Sübhani Ermənistana səfir təyin ediləndən öncə Suriyada SEPAH-ın səlahiyyətli nümayəndəsi olub. Və İran məmurlarının bir-birini təkzib edən bəyanatları ölkə hakimiyyətində ziddiyyətlər və ikitirəlik barədə xəbər verir. Qanuni seçilmiş Prezident Rəisinin komandası Azərbaycanla normal münasibət qurmaq istəsə də, hərbi gücə və böyük maliyyə resurslarına malik olan, qeyri-legitim SEPAH birləşməsi onlarla antoqonist mövqelərdə durur. Onlar həm daxili, həm də xarici siyasətdə bir-birinə zidd addımlar atırlar. Və bu ziddiyyətlər get-gedə kəskinləşir.