İran və Azərbaycan prezidentləri tezliklə görüşəcəklər
Bu barədə İranın Şərqi Azərbaycan Regional Su Şirkətinin icraçı direktoru Yusef Qafarzadə bildirib
İran və Azərbaycan arasındakı beynəlxalq sərhəddə yerləşən Araz çayı üzərində ən böyük ortaq su layihəsi olan “Qız Qalası” bəndi yaxın günlərdə fəaliyyətə başlayacaq.
Bu barədə İranın Şərqi Azərbaycan Regional Su Şirkətinin icraçı direktoru Yusef Qafarzadə "Mehr" Agentliyinə bildirib.
O, ən mühüm layihə olan bəndin tikintisinin artıq başa çatdığını deyib. Yusef Qafarzadənin sözlərinə görə, yaxın günlərdə planlaşdırılan açılış mərasimi İran Prezidenti İbrahim Rəisi və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutacaq.
“Qız Qalası” su anbarı “Xudafərin” hidroqovşağından 12 km aşağı hissədə yerləşir. Bu layihəyə tutumu 1,6 milyard kubmetr olan “Xudafərin” su anbarının tikintisi daxildir. Layihə Cəbrayıl rayonu ərazisini əhatə edir. 1993-cü ildən 2020-ci ilin 18 oktyabr tarixinə qədər su anbarı Ermənistan Respublikasının nəzarəti altında olub. Su anbarı Araz çayı üzərində İranla Azərbaycan arasında imzalanmış razılaşmaya uyğun olaraq inşa edilib. “Qız Qalası” hidroqovşağının məqsədi hidroelektrik enerji istehsalı və suvarmadır.
Yusef Qafarzadə bunu regionda ən böyük təzyiqli suvarma layihələrindən biri kimi qiymətləndirib. Deyib ki, onun işə düşməsi su və torpaq ehtiyatlarından optimal istifadəyə, ənənəvi əkinçilik üsullarının müasir üsullara çevrilməsinə, 40 min iş yerinin yaradılmasına gətirib çıxaracaq.
“Qız Qalası” bəndi və “Xudafərin” hidroqovşağının tikintisi haqqında qərar hələ 1992-ci ildə verilib. Daha sonra İran və Azərbaycan hökumətləri arasında əldə olunmuş razılaşma çərçivəsində tikinti işlərinə başlanılıb.