BLOQ

İranın qoşa minarələri

Siyasi projelər də qoşadır...

İranın qoşa minarələri
  • Oxuma müddəti:

    4 dəqiqə

  • İranın təkcə məscid minarələri yox... Siyasi projeləri də qoşadır. İran parlamenti də qoşadır - molla parlamenti “Xubreqan” adlanır. Dünyəvi parlamenti isə bizimki kimi - “Milli Məclis”.

    Ordu da iki nüsxəlidir - şahdanqalma ordu - “Ərteş” adlanır, Xomeynidənqalma ordu isə “Sepah”.
    "Sepah"da da zərləri qoşa atır - bir cinayət işini orada iki fərqli istintaq dəstəsi, müstəntiq araşdırır. Axırmacalda hər iki cinayət dosyesi, qovluğu birləşir. Və..

    Və mövzu əhatəsi daha dolğun, geniş olur adətən. 

    Qoşa minarəli İranda seçkilər də iki mərtəbəli olur - seçki məntəqələrində iki qutu yanaşı durur - eynən qoşa minarə kimi.

    Siyasi qüvvələr də anqlo-saks dünyasında olduğu kimi iki nüsxəlidir - İranın öz toriləri, öz leyboristləri var.
    Birincilər “üsulgəran”, yəni ənənəçilərdir. Xamneyi dəstəsi bu düşərgədə yurd salıb. İkincilər isə “islahatçılar” kimi məşhurdurlar.

    Son molla parlamentinə seçkilər vaxtı islahatçı mollalar burada öz namizədlərinin sayını 52-yə çatdırdılar.
    Xamneyi tərəfdarları isə cəmi 36 kürsü ilə kifayətləndilər. Bu Xubrəqanda, molla parlamentində cəmi 88 kürsü var. Xamneyinin yaşı 84-ü ötüb. Vilayəte-fəqihin xələfini məhz bu 88 nəfər seçəcək. 

    Hələ 2006-2007-ci illərdə İranda oxşar bir vəziyyət yaranmışdı. Xubrəqan başçısı ayatulla Meşkini ölümündən sonra siyasi hakimiyyəti itirən sabiq prezident Rəfsəncani məhz bu meydançada revanş almaq istəyirdi. Əhmədnejatla məhz bu rançoda buynuzlaşmaq istəyirdi. O vaxt bu alınmadı. İndi Xamneyi bu əyilmiş Xubrəqan tərəzisini İsrailə zərbələri ilə düzənlədi. Yəni daxili müşkülünü xarici meydançada həll etdi.
    Daxildə bunu həll etsəydi... Həəəə... İran vətəndaş cəmiyyəti bərk zədələnərdi. Tərəzi islahatçılar tərəfə əyilərdi.

    2000-ci illərin əvvəlində İran mühafizəkarları islahatçı Məhəmməd Hatəmi tərəfdarları ilə ölkədaxili toqquşmalardan yaxşı təcrübə qazanıblar. Bilirlər - ölkədaxili siyasi toqquşmalar İran mənafelərinə xidmət etmir. Mollaları anlamaq olar - demokratiya ənənəsi olmayan İranda siyasi təlatümlər, silkələnmələr domino effektlidir.

    O vaxt konservativ killerlər Səid Həcəryan adlı islahatçı liderini Tehranda tapançadan açılan atəşlə bərk yaralamışdılar. Sui-qəsd əks effekti ilə yadda qaldı. İranda tələbə hərəkatının yeni dalğası bu təkan nəticəsində yarandı. Şişdi. Mühafizəkar düşərgəsi üçün sağalmaz yaraya çevrildi.

    O vaxtdan İran mollaları ağıllanıblar. Daxili ixtilafları çox böyük ustalıqla xarici meydançalarda çözürlər. Ölkədaxili sabitliyi, əmin-amanlığı bir zərrə belə pozmadan, uzaq hədəflərinə uzaq coğrafilarda yetişirlər.
    İran mühafizəkarları, Vilayəti-Fəqih Seyidəli Xamneyi bir güllə ilə iki dovşanı vurdu - həm İsraili yaraladı, həm öz daxili müxaliflərini.
     
    İndidən belə  hələ uzun zaman İran liberal klubu Avropa ilə öz “sivilizasiyalararası” dialoqunu "restart" edə bilməyəcək. Azərbaycan üçün çox təhlükəli “Paris-Tiflis-İrəvan-Tehran-Dehli” tranziti də, dosyesi də İsrailə zərbələrdən sonra masalardan, sahalardan yığışdırılacaq.

    Vaxti ilə böyük filosofumuz Heydər Camal dünya siyasi klublarınI ikiyə bölmüşdü - konservativ klubu Londonda işarələmişdi. Liberal klubu Parisdə. Bizimki konservativ klubla tutur. Liberal klubla əlaqələrimiz tam sıfırdadır. Elə İran liberalları da - Hatəmi, Cavad Zərif, Həsən Ruhani və digərləri bizlik deyil. Bizimki, İran konservativ qüvvələri ilə də tutar.

    Xamneyinin “xarici işlər naziri” cənab Vilayətinin son müsahibəsində Güney Qafqaz barədə mövqeyi də bizə uyğundur. Fransa, ABŞ və digər Qərb bayraqları bu bölgədə dalğalanmamalıdır.

    Qısası, İran qoşa minarələrindən biri biz tərəfə azan verir. Digəri Avropa, İrəvan tərəfə.

    Seçimimizi düzgün edək.