BLOQ

M.Ə.Rəsulzadə, könüllü birliklər və mədəniyyətin inkişafı

Beynəlxalq Rəsulzadə Qiraətləri”: Kelsi Rays, Zaur Qasımov, Fikret Türkmen, Nazim Muradov

M.Ə.Rəsulzadə, könüllü birliklər və mədəniyyətin inkişafı
M.Ə.Rəsulzadə
  • Oxuma müddəti:

    8 dəqiqə

  • “II Beynəlxalq Rəsulzadə Qiraətləri” kitabındakı məqalə və yazıların təqdimatını yanvar ayının son günlərinə qədər davam etdirməyi düşünürdüm. Belə ki, 41 elmi, 17 publisistik, 7 mövzuda sənədlər xülasələri haqda 1 - 28 yanvar tarixlərdə ayrıca, yaxud qrup halında məlumat verə biləcəyimə ümid edirdim. Amma 29 yanvar-1 fevral tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulan eyni adlı beynəlxalq konfransın hazırlıq işləri deyəsən buna imkan verməyəcək. Odur ki, məqalələri təqdim olunmayan müəlliflərdən üzr istəyərək, özümün 2 məqaləmin (elmi və publisistik) də bu sırada olduğunu nəzərə çatdırmaqla bu son günlər hər halda daha bir neçə yazını qısa şəklində diqqətinizə çatdırmağa çalışacağam.

    Kitabın “Ədəbiyyat. Dil. Mədəniyyət” adlanan II fəslindən 4 xarici müəllifin ingilis və türk dillərində məqalələrinin xülasələrini təqdim edirəm.

    ABŞ tədqiqatçısı, tarixçi PhD, dos. Kelsi Raysla 2022-ci ildə İspaniyada, İranşünasların konqresində tanış olmuş, məruzəsini dinləmiş və həmkarım Nigar Gözəlova ilə birlikdə onu Rəsulzadə Qiraətlərində iştiraka dəvət etmişdik. Çox ciddi, eyni zamanda ünsiyyətli, elmi əməkdaşlığa maraqlı olan bu gənc amerikalı alim bizimlə əlaqə saxlamış, köməyimizdən faydalanmış, çalışdığı Berry kollejində (Mount Berry) Azərbaycanla bağlı bir layihə hazırlamışdır və bu ilin yay aylarında Bakıya uzunmüddətli elmi ezamiyyətə gələcək. “II ... Qiraətlərdə” dərc olunmuş “Məhəmməd Əmin Rəsulzadə, Könüllü birliklər və 1905-ci il Rusiya inqilabından sonra Azərbaycan mədəniyyətinin inkişafı” adlı məqaləsi üzrə məruzəsini isə Kelsi video-yazı vasitəsilə konfrans iştirakçılarına təqdim edəcək.
    Kelsi Rays
    Bu məqalədə XX əsrin əvvəllərində Azərbaycanda milli şüurun yetişməsində “könüllü birliklər” adlandırılan xeyriyyə cəmiyyətlərinin rolu müəyyən edilir. K.Rays M.Ə.Rəsulzadənin fəaliyyətini də məhz bu kontekstə, 1906-cı ildə yaradılmış “Nicat” Mədəni-Maarif Cəmiyyətinin qurucu üzvlərindən biri kimi araşdırır. Müəllif “Nicat”ın digər cəmiyyətlərlə birlikdə XX əsrin əvvəllərində azsaylı, lakin böyüməkdə olan Azərbaycan ziyalıları qrupunun həyata keçirdiyi mədəni-sosial islahatlar layihələri haqqında ətraflı məlumat verir, Rəsulzadənin 1905-ci il Rusiya inqilabından sonra Bakının ictimai həyatındakı rolunu araşdırır, onun “Nicat” cəmiyyətinə rəhbərlik etməsinə, eləcə də dövrün digər nüfuzlu təşkilatlarında iştirakına xüsusi diqqət yetirir. Tədqiqatından aldığı nəticəni K.Rays belə ifadə edir: “Əminliklə demək olar ki, Rəsulzadənin bu cəmiyyətlərdə apardığı islahatçı fəaliyyəti Azərbaycan milli kimliyinin inkişafında və onun siyasi lider kimi formalaşmasında mühüm rol oynamışdır”.

    Soydaşımız, uzun illər Almaniyada yaşayan, Maynts universitetində çalışan, tarixçi RhD, dos. Zaur Qasımov Avropa elmi dairələrində Azərbaycan və azərbaycanlı xadimlərlə bağlı araşdırmaları ilə artıq tanınmış bir tədqiqatçıdır, alman dilində bir neçə kitabın müəllifidir. “II ...Qiraətlərə” təqdim etdiyi “Türkiyəyə Elm Transferi: Dilçi Əhməd Cəfəroğlunun həyat və yaradıcılığı, Məhəmməd Əmin Rəsulzadə ilə qarşılıqlı əlaqəsi” məqaləsi də qərb tarixşünaslığı metodologiyası əsasında yazılıb. Əslən gəncəli, həyatını təhsil aldığı, çalışdığı və yaşadığı iki ölkə - Türkiyə və Almaniya ilə bağlamış Əhməd Cəfəroğlunun İstanbul, Berlin və Breslau universitetlərindən başlayan elmi yolu haqqında ətraflı məlumat verən müəllif onun ömrünün sonuna qədər türk dili və əski uyğur dilinin dialektologiyaları üzərində fundamental tədqiqatlar apardığını, “türk dili tarixinin möhtəşəm hekayəsini formalaşdırmaqla Türkiyə türkologiyasını inkişafında” böyük rol oynadığını, rus, alman və sovet türkoloji araşdırmalarından istifadə etməklə akademik biliklərin Türkiyəyə transferini asanlaşdırdığını göstərir. Eyni zamanda Türkiyədə anti-kommunizmin intellektual ruhunu təcəssüm etdirən Cəfəroğlu mühacirətdəki Azərbaycan icmasının ən fəal üzvlərindən biri olmuş, bu icmanın lideri Məhəmməd Əmin Rəsulzadə ilə yaxından əməkdaşlıq etmişdir. Məqalədə Ə.Cəfəroğlunun bu sahədə əməli fəaliyyəti ilə yanaşı onun Rəsulzadə haqqında fikirləri də geniş yer almışdır.

    Konfransa şəxsən qatıla bilməyən Zaur Qasımov da məruzəsini video-yazı şəklində təqdim edəcəkdir.
    Qeyd edək ki, Keysi Rays və Zaur Qasımov XX əsr Azərbaycan tarixi, xüsusilə Cümhuriyyət və Rəsulzadə şəxsiyyəti mövzularında tədqiqatlar aparan gənc - orta nəsil xarici alimlərdir və Rəsulzadə irsinin artıq özünü təsdiq etmiş bu alimlər tərəfindən beynəlxalq elmi dövriyyəyə çıxarılması və tanıdılması özlüyündə böyük əhəmiyyətə malikdir.

    Türkiyənin tanınmış qocaman filoloq alimi, Ege Universiteti (İzmir) Türk Dünyası Araşdırmaları İnstitutunun rəhbəri professor Fikrət Türkmen elmi ictimaiyyətə yalnız Rəsulzadə araşdırıcısı kimi deyil, həm də Rəsulzadəyə məxsus, türk, rus, ingilis dillərində bir sıra orijinal sənədlərin kolleksioneri kimi də tanışdır. Alimin şəxsi arxivində saxlanılan məktublar, yazışmalar, xüsusi qeydlər, elmi araşdırmaların əlyazmalarından ibarət bu sənədlər arasında Məhəmməd Əmin bəyin iki qeyd dəftəri də vardır. Prof. Fikrət Türkmenin “Məhəmməd Əmin Rəsulzadənin şəxsi qeydlər dəftərində türk şairlərindən seçmə şerlər” adlanan məqaləsi də bu dəftərlərin birində Rəsulzadənin öz əli ilə türk şairlərindən seçdiyi şeirlərə həsr olunub. Məqalədə tanınmış türk şairləri Namik Kamal, Mehmet Emin Yurdakul, Celal Sahir, Tevfik Fikret və d. poeziyasından edilən bu seçmələr Rəsulzadənin poetik zövqü, ədəbi maraq dairəsi və incə duyumu haqda təsəvvür yaradır. Məqalədə Rəsulzadənin qeyd dəftərində olan 34 şer parçasının müəlliflərinin və şerlərin adlarının siyahısı verilir.

    Daha bir soydaşımız, Şimali Kipr Türk Respublikası Lefke Avropa Universitetinin dosenti, filologiya üzrə PhD Nazim Muradov “II ... Qiraətlər”də “Məhəmməd Əmin Rəsulzadənin dil və üslübuna dair” adlı məqalə ilə təmsil olunub. Türk dünyasında, o cümlədən Azərbaycanda tanınmış bu dilçi alim apardığı araşdırmadan gəldiyi nəticəni - Rəsulzadənin əsərlərinin dil və üslub baxımından zənginliyi və orijinallığını onun yaradıcılığından geniş nümunələr gətirməklə təsdiq edir: “Rəsulzadə qaldırdığı bütün məsələlərə son nöqtə qoyacaq qədər mövzuya hakim olduğunu nümayiş etdirir. Onun əsərlərinin lüğət tərkibinə fəlsəfi təhlil olunması qeyri-mümkün heç bir məfhum və ya söz daxil deyildir. Rəsulzadə istifadə etdiyi anlayışların dördölçülü – məna, məzmun, xarakter və əhatə dairəsi – olduğunu bilən və onları bu ölçülərdə istifadə edən nadir qələm sahiblərindədir”.

    Tədqiqatın gedişində mətnlə coğrafiya arasında əlaqə qurulur, müəllif tərəfindən terminləşdirilən, yəni simvollaşdırılan ifadələrin izahı və sintaktik təhlili verilir, onun obrazının dil və üslub inikasından bəhs edilir. Rəsulzadənin əsərləri Azərbaycan dilinə, ədəbiyyatına, mədəniyyətinə və tarixinə verdiyi töhfələr baxımından yüksək dəyərləndirilir. Müəllif bildirir ki, qələm və söz sahibi kimi Rəsulzadənin dil və üslub məharəti onun kamil ustad və mahir yazıçı olduğunu sübut edir.