XƏBƏRLƏR / İctimaiyyət

M.Ə.Rəsulzadənin nəvəsi Prezidentə təşəkkür etdi

Bu barədə Rəsulzadə irsinin araşdırmaçısı Nəsiman Yaqublu sosial şəbəkədə yazıb

M.Ə.Rəsulzadənin nəvəsi Prezidentə təşəkkür etdi
  • Oxuma müddəti:

    2 dəqiqə

  • “Hörmətli Cənab Prezident! Sizin Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibəti ilə verdiyiniz sərəncam bizi çox məmnun etdi. Bu sərəncam Sizin Azərbaycan tarixinə və bu tarixdə önəmli rol oynamış şəxsiyyətlərimizə diqqətli yanaşmanızın göstəricisidir. Bu sərəncamınız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə böyük bir töhfədir. Bu torpaqlarımızın işğaldan azad edilməsindən sonrakı dövrdə Azərbaycanda yeni dəyərlərin üstünlük təşkil edəcəyinə Sizin bir mesajınızdır.

    M.Ə.Rəsulzadənin yubileyinin keçirilməsi həm də güneyli-quzeyli Azərbaycanın tarixinə sayğılı yanamanın göstəricisidir. M.Ə.Rəsulzadə Azərbaycan Cümhuriyyətinin əsas qurucusu olmaqla yanaşı, həm də Güneydə aparılan azadlıq mücadiləsinin yaxından iştirakçısı olmuşdur. Bu sərəncamdan çıxış edərək, onun zəngin ictimai, siyasi, bədii irsinin toplanılıb nəşr edilməsi ilə bütövlükdə tariximiz də zənginləşəcəkdir.

    Siz bu mövqeyinizlə əslində Azərbaycanda müxtəlif baxışlara malik insanları da vətənimiz, dövlətimiz naminə bir araya gətirirsiniz. Və insanlarımıza M.Ə.Rəsulzadənin bütün fəaliyyəti müddətində yürütdüyü “Hər şey vətən üçün, hər şey dövlət üçün” məramına əsaslanan Azərbaycan davasını daha da gücləndirirsiniz.

    Cənab Prezident! Sizə dərin təşəkkürlərimizi bildiririk!

    Hörmətlə,
    Nəsiman Yaqublu, tarix elmləri doktoru, professor
    Məhəmməd Əmin Rəsulzadə İrsini Araşdırma Mərkəzinin sədri
    Nəsiman Yaqublu

    Rais Rəsulzadə, Azərbaycanın Əməkdar rəssamı
    M.Ə.Rəsulzadənin nəvəsi"
    Rais Rəsulzadə