Moskvaya yenidən dronlarla hücum edildi
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Kaluqa və Moskva vilayətləri, eləcə də Sevastopola pilotsuz uçuş aparatları (PUA) ilə hücum edildiyini bildirib.
Bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.
Nazirlik hücuma görə Ukraynanı ittiham edib və PUA-ların zərərsizləşdirildiyini açıqlayıb.
İddiaya görə, Moskva istiqamətində hərəkət edən iki PUA Kaluqa vilayətinin Maloyaroslavski rayonu və Moskva vilayətinin Odintsovo rayonu ərazisi üzərində hava hücumundan müdafiə sistemləri ilə vurulub. Sevastopol yaxınlığında hava hücumundan müdafiə sistemləri daha iki PUA-nı zərərsizləşdirib. Daha doqquz aparatın radioelektron mübarizə vasitələri ilə havada zərərsizləşdirildiyi bildirilir.
Hücuma görə Domodedovo hava limanında 20, Vnukovoda 9 reysin enişi təxirə salınıb.
Ukrayna hakimiyyəti hücumla bağlı heç bir açıqlama verməyib.