
Quranda heç bir oyunun haramlığı barədə hər hansı bir qadağa yoxdur. Bəs Peyğəmbər bu barədə nəsə deyibmi? Xeyr! Deyə də bilməzdi. Çünki hələ o vaxt Hicaz yarımadasında bu oyun barədə heç bir məlumat yox idi. Səbəb isə çox sadədir. Belə ki, şahmat Hicaz yarımadaslna (indiki Ərəbistan yarımadası) Sasani imperiyasından (indiki İran) gəlir. O ərazi isə xəlifə Ömərin zamanında ələ keçirilir. Deməli, ən yaxşı halda Peyğəmbərdən 10-15 il sonra müsəlmanlar şahmatı yaşadıqları coğrafiyaya gətirə bilərdilər. Əgər xəlifə Ömərin, ya Osmanın dövründə gətirilmişdirsə, onların bu barədə rəyi olmalı idi. Varmı? Xeyr, yoxdur!
Bəs haramlıq hökmü nə zamandan verilir?
Bu barədə gələn hədislər Əməvilərin xilafəti zamanı dünyaya gəlmiş Abbasilərin zamanında vəfat etmiş İmam Cəfər Sadiqə aid edilir.
Bəs o, bunu nəyə əsasən verir?
Quran yalnız qumarın və qumar oyunlarını haram edir. Qumar nədir - qumar pul müqabilində və ya insana mənəvi, fiziki və maddi ziyan vura biləcək hər növ oyun və məşğuliyyətdir.
Bəs şahmat o dövrdə qumar aləti idi?
Bu barədə əldə heç bir sənəd yoxdur. Lap tutaq ki, bəli qumar kimi də oynanılırdı. Peyğəmbər səhabələrinə atçılığı və ox atmağı da tövsiyə edir. Bəs hər ikisindən də qumar məqsədi ilə istifadə olunsa idi, onda necə?
Təbii ki, Quranın ümumi hökmünə görə, onlar da qumar olaraq həyata keçsə idi, haram olacaqdı. Deməli, məsələ oyunda yox, oyundan istifadədir. Necə ki, qumar oyunu kimi tanınan kart (poker) pulsuz oynanılsa və qumar şərtləri olmasa, haram olmur (Quran nazil olan dövrdə isə ümumiyyətlə kart oyunu yox idi). Çünki Quran qumarı haram edir - yəni, pul və maddi və mənəvi ziyan verəcək mənfi şərtləşməni.
Qayıdaq şahmata.
Burada qoyulan haram hökmü heç şübhəsiz ki, məqsədyönlüdür. Çünki şahmat intellekt səviyyəsini qaldıran oyun olaraq insanda yüzlərlə müxtəlif suallar yaradır. Xilafətə isə bu heç lazım deyildi. Əməvi və Abbasi xilafətləri dini ərəb mədəniyyəyətini şəriətə çevirən və xilafət maraqlarına xidmət edən quruluşdan ibarətdir. Burada məsciddə yüz rükət namaz qılıb səhər-axşam minlərlə zikir edib sual verməyən manqurtlar ən "təqvalı möminlərdirlər".
Belə bir şəraitdə də haram hökmünü yalnız cəmiyyətin ən etibarlı şəxsin dilindən vermək və yaymaq lazım idi. Həmin şəxs də İmam Cəfər Sadiq olur...