Paşinyan Putinə yenə Azərbaycandan şikayət edib
İrəvan-Bakı münasibətlərinin nizamlanması prosesi ətrafında da fikir mübadiləsi aparılıb
Cümə axşamı Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə zəng edib.
Ermənistan Baş nazirinin mətbuat xidmətinin verdiyi məlumata görə, tərəflər “Azərbaycanın Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar, ekoloji və enerji böhranına toxunublar”.
“Paşinyan Rusiya Federasiyasının bunun aradan qaldırılması üçün lazımi addımlar atmasının vacibliyini vurğulayıb. Baş nazir, eyni zamanda, Beynəlxalq Məhkəmənin Azərbaycanın Laçın dəhlizinin açması ilə bağlı qərarı faktını vurğulayıb”, - xəbərdə bildirilir.
Bundan başqa, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında qeyd olunan sazişlərin icrası məsələləri müzakirə edilib.
Xəbərdə deyilir ki, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesi ətrafında da fikir mübadiləsi aparılıb.