Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub
Bu barədə o, TASS agentliyinə müsahibəsində bildirib
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada çoxillik diplomatik missiyasının başa çatdığını bildirib.
Səfir bu barədə TASS informasiya agentliyinə müsahibəsində deyib.
Azərbaycanın diplomatik missiyasının rəhbəri qeyd edib: “Moskvada 18 il 6 ay fəaliyyət göstərmişəm. Bu, diplomatik xidmət üçün az müddət deyil. Hazırkı mərhələdə mənim doğma Şuşanı, rayon sakinlərini parlamentdə təmsil etməyim daha düzgün olardı. Çox ümid edirəm ki, seçiləcəyəm və Qarabağın işğaldan azad olunmasından sonra birinci deputat olmaq böyük şərəfdir. Allahın nəsib etdiyi ömrümün qalan hissəsini Vətənimdə insanlarla və təbiətlə daha çox ünsiyyətə həsr etmək istərdim".
O, TASS ilə söhbətində atası, görkəmli sovet və Azərbaycan opera müğənnisi Bülbülün Şuşada anadan olduğunu xatırladıb.
“Son illər, torpaqlarımız işğaldan azad ediləndən sonra mənim taleyim yenidən kiçik vətənimlə sıx bağlı olub. Məsələ ondadır ki, orada atamın doğulduğu ev var. Prezident İlham Əliyevin tapşırığı ilə erməni vandalları tərəfindən dağıdılmış bu evi bərpa etdim. Hazırda orada ev-muzeyi var. Şadam ki, indi Şuşaya çoxlu turist gəlir, onlar Bülbülün ev-muzeyini ziyarət edirlər. Ona görə də mənim qərarım (deputatlığa namizədlik barədə - TASS-ın qeydi) təbiidir. Şuşada olanda, ruhən dincəlirəm. Kristal təmiz havası, ecazkar təbiəti, gözəl insanları var. Həyat təcrübəmlə, inzibati və diplomatik iş baqajımla mən yeni vəzifədə faydalı ola bilərəm”, - deyə səfir sözlərini yekunlaşdırıb.