Putinin bu gün işdən çıxardığı nazir özünü öldürdü YENİLƏNİB
Bu barədə Rusiya mediası məlumat yayıb

Rusiyanın nəqliyyat naziri və Kursk vilayətinin keçmiş qubernatoru Roman Starovoyt intihar edib.
Bu barədə Rusiya mediası məlumat yayıb.
İlkin məlumata görə, o, mənzilində intihar edib.
Starovoyt Moskva yaxınlığında Odintsovodakı evində ölü tapılıb.
Bu barədə Dövlət Dumasının müdafiə komitəsinin rəhbəri Andrey Kartapolov "RTVI"yə bildirib.
Başqa məlumata görə, Starovoytun meyiti şəxsi avtomobilində güllə yarası ilə tapılıb.
“Mash”ın məlumatına görə, keçmiş nazirin meyitinin yanında "PM" tapançası tapılıb.
“Baza” və “Kommersant”ın yazdığına görə, Starovoytun intiharı cinayət işi ilə bağlı ola bilər. Mənbələrin bildirdiyinə görə, Kursk vilayətinin keçmiş rəhbəri, əvvəllər onun müavini işləmiş və 1 milyard rubl məbləğində dələduzluqda şübhəli bilinərək həbs edilmiş Aleksey Smirnov onun əleyhinə ifadə verib.
Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Roman Starovoyt Rusiya Federasiyasının nəqliyyat naziri vəzifəsindən azad edilib.
Prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən vurğulayıb ki, istefa etimadın itirilməsi ilə bağlı deyil: "Etimadın itirilməsi olsaydı, etimadın itirilməsi qeyd olunardı. Gördüyünüz kimi, belə bir ifadə (Putinin sərəncamında - ANS Press) işlədilməyib".