Dini mətnlərdə içi boşaldılan, sonra içinə məzhəbçilik düşüncəsi doldurulan kəlmələrdən biri də "qəza və qədər"dir.
Hər iki məzhəb əl-ələ verib imanın əsaslarına məzhəb əqidələrini əlavə etdilər. Şiələr imamət və ədaləti, sünnülər isə qəza və qədərə imanı. Alın yazısı, nə bilim nələr...
Niyə ağlınıza gəlmədi bunu bir Allahdan da soruşasınız? Yaxşı, gəlin, heç olmasa indi soruşaq.
Allah, qəza və qədər nədir?
Allah cavab verir: "Qəza və qədər kitabımda isim və feil olaraq təbiət qanunları mənasında işlənir və buna da "sunnətullah" (Allahın yaradılış aləmi üzərindəki dəyişməyən qanunlarına) deyilir. Amma siz mənə qane olmayıb bir də peyğəmbər sünnəsi icad edib içinə ağlınıza gələnləri doldurdunuz. Bir halda ki, Mən Allah belə bir din göndərməmişən. Qəza və qədər kiminsə alnına nə yazılıbsa, o da olacaq! Xeyr! Qəza və qədər sizin öz qərar və istəklərinizdir".
Məsələn, iki nəfər şahmat oynayır. Siz də kənardan baxıb birinin uduzacağını görürsünüz. Uduzur. İndi həmin şəxs siz bildiyiniz üçün uduzur, yoxsa onun uduzduğunu gördüyünüz üçün?
İndi təsəvvür edin, şahmat oynayan biz, bizə baxan isə Allahdır...
Quranda dəfələrlə keçən bir ifadə var: İnnəllahə yəhdi mən yəşa! Belə tərcümə edilir: Allah istədiyini hidayət edər. Deməli, əksi belə olacaq. İstəmədiyini də yoldan azdırar. Bəs onda niyə yaradırdı ki? Cəhənnəmdə yandırmaq üçün milyardlarla insan yaradır? Xeyr! Biz istədiyimiz üçün Allah bizim hidayət olmağımızı istəyir....