BLOQ

"Rəsulzadə - 140" Polşada

Bundan əvvəlki yazımın ardı

"Rəsulzadə -  140" Polşada
M.Ə.Rəsulzadə
  • Oxuma müddəti:

    14 dəqiqə

  • Krakov tədbirinin özəllikləri. Rəsulzadə və XIX əsr Azərbaycan ədəbiyyatında yeni Ad ehtimalı

    (Əvvəli bu yazıda)
        
    Krakov tədbirində edəcəyim məruzədə təbii ki, M.Ə.Pəsulzadənin Polşa ilə əlaqələri məsələsinə xüsusi toxunmalı idim. Odur ki, səfərə hazırlıq mərhələsində əlimdəki materiallardan əlavə bu mövzuda internetdə sorğular verirəm. Gələn cavablar arasında Rəsulzadənin bioqrafiyasını araşdıran tanınmış bir tarixçinin “525-ci qəzet”in iki il əvvəlki saylarının birində dərc olunmuş “Azərbaycan-Polşa əlaqələri tarixindən” adlı məqaləsi informasiya və faktların zənginliyi ilə diqqətimi cəlb edir. Məqalə Rəsulzadənin özünün Azərbaycan-Polşa əlaqələrini şərtləndirən səbəblərə dair çox maraqlı fikirləri ilə başlayırdı. Onların deyildiyi mənbə göstərilməsə də (qəzet materialında bu vacib şərt deyil), məqalənin sonunda başqa bir faktla bağlı Məhəmməd Əmin bəyin “polyak dilində nəşr edilmiş "Azərbaycan Müstəqillik uğrunda mübarizədə" kitabından” sitat gətirilirdi. 

    Azərbaycan-Polşa münasibətlərinin demək olar ki, geniş tarixi mənzərəsi yaradılan bu məqalədə müəllifin göstərdiyi başqa bir nümunə isə artıq böyük sual doğururdu, lakin onun da mənbəyi göstərilmədiyindən tarixçinin bu informasiyanı haradan aldığı naməlum qalırdı: “Azərbaycanlıları polyaklarla əlaqələndirən çoxlu sayda faktları sadalamaq mümkündür. Məşhur polyak şərqşünası Vladislav Kostyuşki isə 1858-ci ildə çap edilmiş yazılarında məşhur alim və şair Mirzə Kazım bəy haqqında maraqlı məlumatlar vermişdi. O, göstərmişdi ki, Mirzə Kazım bəy 18 il Polşada yaşamış və polyak dilini əsaslı şəkildə öyrənmişdi. Eyni zamanda o, Varşavaya gözəl şeirlər həsr etmişdi. Mirzə Kazım bəyin poetik nümunələri içərisində polyak dilində dini mövzuda yazdığı bir neçə şeir də var”. 

    Mirzə Kazım bəyin bioqrafiyasına az-çox bələd olsam da, bu azərbaycanlı əsilli həqiqətən böyük tarixçi, dilçi, ədəbiyyatşünas alimin Polşa ilə əlaqələri və xüsusilə “18 il Polşada yaşaması və polyak dilini əsaslı şəkildə öyrənməsi” kimi faktları hər halda yoxlamaq qərarına gəlirəm və təbii ki,heç birinin təsdiqini tapmıram. 

    Ertəsi gün Milli Elmlər Akademiyasında Ədəbiyyat İnstitutunun əməkdaşı, Polşa-Azərbaycan əlaqələri üzrə tanınmış alim, bir neçə monoqrafiya və kitabların müəllifi, filologiya üzrə elmlər doktoru Gülər xanım Abdullabəyova ilə görüşürük. Gülər xanım Rəsulzadə ilə bağlı Polşada keçiriləcək bir beynəlxalq konfrans üçün mənə öz tezislərini gətirib və eyni zamanda  Məhəmməd Əmin bəyin yuxarıda adı çəkilən, Varşavada nəşr olunmuş "Azərbaycan Müstəqillik uğrunda mübarizədə" adlı kitabından “Azərbaycan-polyak” əlaqələri adlı ayrıca fəslin ilk dəfə polyakcadan dilimizə tərcümə edilərək “Azərbaycan” jurnalında ayrıca məqalə kimi dərc olunmuş nüsxəsini mənə hədiyyə edir. 

    Gülər xanımın tərcümə etdiyi məqaləni oxuyuram, və düzü ilk olaraq keçirdiyim hissləri nədənsə pərtlik kimi qiymətləndirirəm: belə ki, yuxarıda haqqında bəhs etdiyim tanınmış tarixçi alimin Azərbaycan-Polşa əlaqələrinə dair məqaləsindəki fakt və informasiyaların böyük əksəriyyəti Rəsulzadənin bu əsərinə əsaslanır. Həmin əlaqələri şərtləndirən “3 elementin” geniş şərhindən  və Rəsulzadənin öz xatirələrindən başlayaraq, daha sonra mənbəyi göstərilmədən gətirilən nümunələr – Rusiya dumasında polyak A.Lednitski iləazərbaycanlı Ə.M.Topçubaşovun əməkdaşlığı, Bakıda polyakların cəmiyyəti, Azərbaycan gənclərinin Adam Mitskeviçin poeziyasına marağı, Henrik Senkeviçə həsr olunmuş bədii gecədə Rəsulzadənin çıxışı, polyak kapitalistlərinin Bakının neft sənayesində iştirakı (Rılski ailəsi), polyak memarlarının Bakının arxitekturasına misilsiz töhfələri, polyakların Azərbaycanın siyasi həyatında iştirakı və vəkil Vansoviçin nümunəsində Azərbaycan milli hərəkatını dəstəkləməsi, Azərbaycan Cümhuriyyəti dövründə polyak  hüquqşünaslarının və diplomatlarının ən mühüm hökumət qurumlarında, o cümlədən ədliyyə nazirliyi sistemində  yüksək vəzifələrdə təmsil olunmaqla dövlət quruculuğunda böyük rolları,  polyak zabitlərinin Azərbaycan ordusunun qurulmasında xidmətləri və eyni zamanda aparılan döyüşlərdə bilavasitə iştirakı  və d. məsələlərə dair M.Ə.Rəsulzadənin gətirdiyi nümunələr, hər sahəyə aid çəkdiyi onlarla adlar, verdiyi məlumatlar, şərhlər, təhlillər  –  artıq sadəcə faktların sadalanması deyil. Rəsulzadənin bu kitabı  hələ 1938-ci ildə Varşavada yazıb nəşr etdirdiyi nəzərə alınarsa, həmin əsərin“Azərbaycan-polyak əlaqələri” adlanan fəsli  iki ölkə və xalqlar arasında münasibətlərinin tarixinə həsr olunmuş ilk tədqiqat əsəri hesab edilə bilər. Gülər xanım Abdullabəyovaya Respekt! Sözü gedən fəsil belə ehtimal etməyə əsas verir ki, Rəsulzadənin "Azərbaycan Müstəqillik uğrunda mübarizədə" adlı əsəri orijinal tədqiqatdır və əlbəttə tam şəkildə Azərbaycan dilinə tərcümə edilməlidir. Gülər xanımla artıq bu barədə düşünürük. 

    Lakin Məhəmməd Əmin bəyin əlimdə olan məqalə-tərcüməsində məni xüsusilə maraqlandıran bir ad var – Mirzə Kazım bəy! Sözü gedən fəsildə Rəsulzadə 1-2 kiçik yanlışlıqlara yol verib, onlardan birini - Henrik Senkeviçə həsr olunmuş bədii gecənin tarixi (1915) və bu haqda məlumat vermiş qəzetin adını (“Azərbaycan”) tarixçi alim öz qəzet məqaləsində (Rəsulzadəyə istinad etmədən) dəqiq göstərib (1917-ci il, “Açıq söz”).  Lakinaradan 20 ildən artıq zaman keçdiyi nəzərə alınarsa bu kiçik yanlışlıqla bərabər Rəsulzadə Mirzə Kazım bəy haqqında elə ciddi bioqrafik səhvə yol verə bilərdimi ? Tərcümə edilmiş fəsildə həmin hissəsini oxuyuram və az qala gözlərimə inanmıram. Rəsulzadə yazır: “Polyak şərqşünası Vladislav Koşçuşkonun 1858-ci ildə çap olunmuş, bakılı şair Mirzə Kazım (orijinalda - Mirzə Kasım) haqqında informasiyası maraqlıdır. Şair Polşada 18 il yaşamış, polyak dilini mükəmməl bilmiş və Şərq dillərində duyğulu hisslərlə dolu şeirlər yazmışdır. Mirzə Kazımın Varşavaya həsr olunmuş şeirləri də varmış, bundan başqa onun poetik mirasında polyak dilində yazılmış bir neçə dini himnlər də mövcuddur, onlardan “Ədəbi cəza və mükafat” və “İlahi işarə” əsərlərini göstərmək olar.”. (Bax: “Azərbaycan” jurnalı, 2024, № 1, səh. 106-107)

    Beləliklə, məsələ aydınlaşır. Rəsulzadənin mətnində tanınmış şərqşünas alim Mirzə Kazım bəyin bioqrafiyasına dair hər hansı tarixi faktlar bir yana,  ümumiyyətlə “bəy” sözünün işlədilmədiyi  nəzərə alınarsa, “Mirzə Kazım bəy” söhbətini tanınmış tarixçi alimin insafına buraxaraq, diqqətimi bu yeni ad ətrafında cəmləyirəm. Varşavaya Şəhla Kazımovaya yazıram və sonrakı 3 gündə (əslində gecə 2-4 saatları arasında, Şəhla işdən gələndən və ailəsini rahatlayandan sonra) bu məsələni aydınlaşdırmağa bağlayırıq.  Nəticə olaraq Rəsulzadənin yuxarıdakı məlumatları ayrı-ayrı müəlliflərin kitablarındakı qısa mənbələr əsasında topladığı məlum olur. Şəhla XIX əsrin ortalarında Varşavada nəşr olunmuş bütün o nəfis kitabların ilkin çap nüsxələrinin PDF variantlarını mənə göndərir. Onlardan biri “Quran”ın polyak dilinə tərcüməsidir. Çox maraqlı qeydlərdir, çox maraqlı! Rəsulzadənin göstərdiklərindən əlavə də məlumatlar, şairin polyak dilində yazılmış və ya tərcümə edilmişşerlərindən nümunələr var. Beləliklə, bizə lazım olan ad dəqiqləşdirilir: Mirzə Qasım Məşədi Abdulla oğlu  (Mirza Kasym  - Mirza Kasim Meszedy Abdulla Ohlu), qafqazlı, bakılı, XIX əsrin ortalarında siyasi səbəblərə görə öz vətənində qala bilməyib, Varşavaya gəlib və 18 il burada yaşayıb, ərəb, fars dillərində şerlər yazıb, əsərləri polyak dilinə də çevrilib. Mənbələrdə şairin adı əsasən Mirzə Kasım Məşədi kimi verilir. Rəsulzadə, görünür ki, “Məşədi” sözünün şairin atasının adının əvvəlində gəldiyini və ona aid olduğunu nəzərə alaraq yalnız “Mirzə  Kasım” adını göstərir.    
     
    Sonrakı addım kimi, təbii ki, bu adın Azərbaycanda məlum olub-olmadığını araşdırıram. Gülər xanım Abdullabəyova bu məsələyə diqqət yetirməyib. XIX əsr  Azərbaycan poeziyası və ədəbiyyat tarixinin daha iki bilicisi, tanınmış alimlərlə şəxsən görüşüb danışırıq, heç bir məlumatları yoxdur. Nəhayət, bu mövzuda ən qiymətli mənbə - Firudin bəy Köçərlinin 2 cildlik “Azərbaycan ədəbiyyatı tarixi” kitabını çox diqqətlə nəzərdən keçirirəm, XIX əsrdə yaşayıb yaratmış şairlərin adlarını dönə-dönə yoxlayıram. Mirzə Qasım Məşədi adlı əslən Bakıdan olan şairin adı heç yerdə keçmir. Eşidən, tanıyan, bilən varsa, lütfən yazsın. 

    Fikir verdinizsə, mən burada Rəsulzadənin həmin məlumatları götürdüyü mənbələrin adlarını göstərmirəm. Çünki qərar qoymuşuq, Rəsulzadənin ip ucu verdiyi, Şəhlanın da artıq üzə çıxardığı mənbələr əsasında bəlkə də Azərbaycanı ilk dəfə Varşava-Polşa mühitində tanıdan, polyak intellektualları, alimləri tərəfindən yüksək qiymətləndirilən bu Azərbaycan Şairi haqqında əvvəlcə Şəhla Kazımova özü ilkin tədqiqat aparsın və bir məqalə yazsın. Varşava Universiteti Şərqşünaslıq fakültəsinin müəllimi, filoloq-alim və Rəsulzadə haqqında Polşada ilk iri həcmli monoqrafiyanın müəllifi kimi ŞəhlanınMirzə Qasım Məşədi adlı azərbaycanlı şairini  geniş elmi-ədəbi ictimaiyyətə ilk olaraq tanıtmaq haqqı vardır. Bu Şəhla qızımız, inanın ki, böyük alim olacaq. (Gecə 4-dən keçmiş, ona “Ay qız, get yat, səhər işə gedəcəksən” yazırdım, o isə cavabında mənə 1858-ci ilə aid polyak dilində mənbələrdən nümunələr göndərirdi). Şəhlanın Mirzə Qasım Məşədinın bioqrafiyası ilə bağlı artıq çox inandırıcı ehtimalları da var, onları bölüşməkdən özümü güclə saxlayıram. 

    Beləliklə, Krakov səfərinin bu qeyri-adi səhifəsi bu ölkəyə, onun vətəndaşlarının bizim xalqımız, şəhərimiz və dövlətçiliyimiz tarixində oynadıqları rola və verdikləri misilsiz  töhfələrə görə minnətdarlıq hissimi daha də dərinləşdirir. Əslində Polyak xalqına və onun dövlət adamlarına hələ yalnız mühacirət həyatının ən ağır dövründə M.Ə.Rəsulzadəyə qucaq açması, sığınacaq verməşi, onun ləyaqətli həyat sürməsini təmin etdiyi üçün bir azərbaycanlı olaraq ayrıca vətəndaş borcumuz var və mən öz Məruzəmə də elə bu minnətdarlıq ifadəsi ilə başlamışdım. 

    Amma Rəsulzadə də (!)  harada olduğundan, hansı zaman vəşəraitdə yaşadığından asılı olmayaraq 1920-ci ilin yayında həbsi ərəfəsində Lahıcda yazdığı “Əsrimizin Siyavuşu” ilə başlanan “Azərbaycan” yoluna davam etdiyini bir daha təsdiqlədi. 1938-ci ilin sonlarında, bəşəriyyətin II dünya müharibəsi, Polşanın özünün artıq faşist Almaniyası tərəfindən işğalı ərəfəsində, xaricdə, azadlıq sevər bir ölkənin dilində “Azərbaycan Müstəqillik uğrunda mübarizədə" adlı əsər yazmaqla !  Rəsulzadənin XIX əsrdə polyak dilində nəşr edilmişneçə-neçə kitablardan zərrə ilə topladığı və cəmi bir neçə sətrə sığışmış kiçik bir məlumatda haqqında söz açdığı şair Mirzə Qasım adını elmi dövriyyəyə gətirməsi ilə başlanan tədqiqatlar şübhə yoxdur ki, Polşa-Azərbaycan ədəbi-mədəni əlaqələrinə yeni bir nəfəs verəcək. Bu baxımdan, öz alim və tədqiqatçı həmkarlarımı bir daha Rəsulzadənin sırf elmi əhəmiyyət daşıyan əsərlərinə, yazılarına istinadlar verməklə, onları elmi ədəbiyyatda təsbit etməyə çağırıram. Rəsulzadə özünün həm də “alim” kimi statusunu yalnız “Azərbaycan şairi Nizami” kimi möhtəşəm tədqiqatı ilə deyil, saysız məqalələrində Azərbaycan tarixinə, mədəniyyətinə, ədəbiyyatına dair gətirdiyi yeni faktlar, əsaslı arqumentlər, orijinal fikirlər və yanaşmalarla təsdiq edib.

    Gəlin, alim Rəsulzadənin özünə layiq haqqını verək.