Rusiya B.Ersayın Azərbaycandakı təyinatına reaksiya verdi
Rusiya XİN-nin nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni jurnalist ona bununla bağlı sual ünvanlayıb
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Mariya Zaxarova türkiyəli general-polkovnik Bəxtiyar Ersayın Azərbaycan müdafiə nazirinin müşaviri təyin olunmasına münasibət bildirib. Mariya Zaxarovanın bu gün keçirdiyi brifinqdə erməni jurnalist ona belə bir sual ünvanlayıb: “NATO üzvü olan ölkənin generalının Azərbaycan müdafiə nazirinin müşaviri təyin olunmasına Rusiya necə münasibət bildirir? Postsovet ölkələrinin NATO ilə əməkdaşlığına Rusiya mənfi yanaşdığı halda, Azərbaycanın Türkiyə ilə əməkdaşlığına niyə göz yumur?”.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi erməni jurnalistin sualına “təkcə Azərbaycanda deyil, Ermənistanda da xarici müşavirlər var” deyə cavab verib. “Mən sizinlə razılaşmıram. Xarici ölkələrin vətəndaşı olan müşavirləri təkcə Azərbaycanda deyil, digər qonşu ölkələrdə, Azərbaycanla, Rusiya ilə qonşu ölkələrdə görürəm. Ermənistanda da belə insanlar var. Ona görə də mən sizin iradınızı qəbul etmirəm. Hər bir ölkənin tərəfdaşları ilə hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməklə bağlı suveren hüququ var. Amma əlbəttə ki, belə əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəlməməli və Cənubi Qafqazdakı qüvvələr balansını pozmamalıdır. Bu tezisi müntəzəm olaraq regiondakı tərəfdaşlarımıza çatdırırıq”, - M.Zaxarova əlavə edib.