Rusiya XİN Ermənistanı ittiham etdi
Bu gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanla bağlı fikirlərini səsləndirib
“Eyni məsələ ilə bağlı rəsmi İrəvanın bəyanatları ciddi şəkildə fərqlənəndə Ermənistan tərəfinin mövqeyini qiymətləndirmək çətindir”. Bunu cümə axşamı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Ermənistanın baş naziri yanvarın 10-da keçirdiyi mətbuat konfransında həm Rusiyanın təklifləri əsasında sənəd imzalamaq niyyətindən, həm də münaqişənin Qərbin təşviq etdiyi hansısa “hərtərəfli həll”ə üstünlük verilməsindən danışıb. M.Zaxarova deyib ki, Rusiyanın Ermənistan-Azərbaycan sülh müqaviləsi üzrə danışıqlar üçün platforma təqdim etmək təklifi qüvvədə qalır.
"Əgər erməni tərəfdaşlar həqiqətən də müəyyən edilmiş problemlərin üçtərəfli sazişlərin hərtərəfli həyata keçirilməsinə uyğun olaraq həllində maraqlıdırlarsa, o zaman sxolastika ilə məşğul olmaqdansa, birgə işi davam etdirmək lazımdır. Rusiya tərəfinin təklifi isə bu məsələnin həlli üçün platforma təqdim etməkdir. Sülh müqaviləsi üzrə Ermənistan-Azərbaycan danışıqları qüvvədə qalır”, - Zaxarova qeyd edib.
Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi qeyd edib ki, İrəvanın Bakı ilə sülh müqaviləsi hazırlayarkən 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanmağa razı olması 2022-ci ilin oktyabrında Praqada keçirilən sammitin yekunlarına dair bəyanatda əksini tapıb.
Alma-Ata Bəyannaməsi isə keçmiş Sovet İttifaqı respublikaları arasında mövcud olan sərhədlərin toxunulmazlığını təsdiq edir. O zaman keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkibində idi. Təbii ki, Bakı ilə İrəvan arasında sülh prosesində bu halı gözardı etmək çox çətindir.