Samvel Karapetyan Rusiya və Kipr pasportundan imtina edir
O, bu barədə məhkəmə salonunda elan verib
"Güclü Ermənistan" seçki blokunun lideri, Rusiya, Kipr və Ermənistan vətəndaşı olan Samvel Karapetyan parlament seçkilərində iştirak etmək üçün Rusiya və Kipr vətəndaşlığından imtina prosesinə başladığını açıqladı.
"...Seçkilərdə iştirak etdiyim və qələbəmə əmin olduğum üçün bu pasportlardan imtina prosesinə başlamaq qərarına gəldim", - deyə o, ilk məhkəmə iclasında bildirib.

Bu bəyanatı Karapetyan məhkəmə salonunda verib. Məhkəmə onun ev dustaqlığını daha 3 ay uzadılması məsələsinə baxır. Karapetyan dövlət çevrilişi və korrupsiyada ittiham edilir.
Ermənistandan başqa vətəndaşlığa sahib olmaq 7 iyunda keçiriləcək Ermənistan parlament seçkilərində iştirak etmək üçün maneədir. Karapetyan "Güclü Ermənistan" seçki blokuna rəhbərlik edir.
Hakim "Vətəndaş sazişi" partiyası Karapetyanın Moskva tərəfindən, Nikol Paşinyanı devirmək üçün Ermənistana göndərildiyini iddia edir. "Güclü Ermənistan" blokunun seçkiqabağı proqramı Rusiyanın Ermənistan qarşısında qoyduğu tələblərlə üst-üstə düşür: Azərbaycanla sülh sazişinə yenidən baxılması və zamin kimi Rusiyanın vasitəçiliyi, Qarabağ məsələsinin gündəmdə saxlanılması və ermənilərin geri qayıtması, TRİPP layihəsinin Ermənistan üçün zərərli olması və başqa tələblər.
1 dəqiqə