Sonuncu anten və ya spaydermənin azərbaycanlı gəlini
Mən həmişə əməkdaşlarımı öyrətmişəm ki, döyüşməyə davam edin – taleyinizi sonda biləcəksiniz!
"Allahdan başqalarını özlərinə dost qəbul edənlər özünə yuva quran hörümçəyə bənzəyirlər. Evlərin ən zəifi isə, şübhəsiz ki, hörümçək torudur. Kaş biləydilər!" (Ənkəbut surəsi, 41-ci ayə).
Tarix kitablarını oxuyanda həmişə qılıncların, topların, tankların və dronların səsini eşidirsən. Amma antenlərin səsini heç vaxt eşitmirsən. Halbuki damımızın başında dayanan və yağış-qar altında boyası soyulmuş, lüləsi əyilmiş bir anten bir hərbi birləşmədən – yer, su, hava diviziyalarından daha güclü olur.
Baxın, bir tank şəhəri işğal edə bilər. Bir televiziya və ya radio anteni isə insanın beynini. Tankın qarşısında səngər qazmaqla onun hərəkətini məhdudlaşdırmaq olar. Amma televiziya və ya radio anteni isə düşünmə tərzini dəyişməklə səngərləri də çaşdıra bilər. Bəlkə də buna görə imperiyalar əvvəlcə əsgər göndərirlər, sonra müəllim, daha sonra qəzet, sonda televiziya və radio, son dövrlərdə isə bunların hamısını tək sosial şəbəkələr həyata keçirir.
Kimsə uzun müddət vuruşur, kimsə sadəcə səhər oyanır və ürəyi artıq müstəqil bir dövlətin vətəndaşı kimi döyünür, amma başı, daha doğrusu, beyni hələ də başqa dövlətin informasiyaları ilə düşünür. Müstəmləkənin ən təhlükəli forması da elə budur. Sənin şalvarının arxa cibindəki pasportun dəyişib. Amma dünyaya baxan gözlərin və eşitdiyin qulaqlarının individuallığı və emosional əlaqəsi hələ də əvvəlki sahibinə inam və loyallıq nümayiş etdirir.
1991-ci ildə Sovet İttifaqı dağıldı. Xəritələr dəyişdi. Bayraqlar dəyişdi. Himnlər dəyişdi. Ancaq milyonlarla evin damında dik dayanan və yedizdirilən müxtəlif dərmanlara baxmayaraq ereksiyasını itirməyən antenlər duruş gətirdi. Onlar yenə də eyni istiqamətə, öz altarına tərəf baxırdı. Çünki imperiyalar yaxşı bilirlər: Əgər insanın ibadət etdiyi istiqamət dəyişməsə, onun yaşadığı ölkəsinin flomasterlərinin dəyişməsi hələ heç nə demək deyil. Məhz buna görə keçmiş SSRİ məkanında informasiya asılılığı siyasi asılılıqdan daha uzunömürlü oldu. Bütün sovet respublikaları 1991-ci ildə müstəqil oldu. Amma hər axşam bu müstəqil ölkələr mərkəzdən gələn xəbərləri dinləyirdilər. Bütün respublikaların pasportları fərqli, düşüncə məkanları isə hələ uzun müddət mərkəzlə ortaq qaldı. Azərbaycan isə bu orbitdən çıxmaq uğrunda çox erkən mübarizəyə başlayan ölkələrdən biri oldu.
Azərbaycanın müstəqilliyindən 8 ay öncə ANS Televiziyası yaranmışdı və müstəqil azərbaycanlılara müstəqil, azərbaycançılıq prizmasından gələn informasiya verirdi. Amma Rusiyanın televiziya kanalları hələ də açıq yayımlanırdı. Heç kim bunu xüsusi təhlükə hesab etmirdi. Əksinə - ANS daha çox təhlükə kimi görünürdü, amma mərkəz kanalları obyektivlik, elit və mənəviyyət rəmzi idi. Onlardan təhlükə görünmürdü. Axı informasiya heç vaxt tank kimi gəlmir. O qonaq kimi gəlir. Sonra ev sahibi olur.
Mən o vaxt qardaşım Seyfulla ilə ANS televiziyasını yaratmışdım. Gənc, çılğın, dəliqanlı bir milli KİV. Babaları ilk Rus-Tatar məktəbləri yaradan, əmiləri müstəqil Azərbaycan və Azərbaycanizm uğrunda Stalin tərəfindən repressiya olunmuş, Sovet Azərbaycanı Televiziyasının binasını dağıdan, müstəqillik alovu ilə alışıb, Mərkəzin antenlərini Bakının qırlı damlarından demontaj edən iki gənc.
Bu gün geriyə baxanda başa düşürəm ki, o dövrdə biz televiziya uğrunda yox, əslində dövlətçilik uğrunda mübarizə aparırmışıq. Sadəcə, bunu o zaman belə adlandırmırdıq. Bəzən elə döyüşlər olur ki, dövlət hələ təhlükəni tam görə bilmir, amma vətəndaş əlini çırmalayıb ilk səngəri qazır.
Azərbaycanda informasiya müstəqilliyi uğrunda mübarizənin ilk səngərləri ANS beli ilə qazılırdı. O illərdə çoxlarına elə gəlirdi ki, söhbət cəmi bir neçə Rusiya televiziya kanalından gedir. Gənc ANS-in öz verilişləri zəif olduğundan, tamaşaçı bu Rusiya kanallarına baxıb zövq almaqda davam etmək istəyirdi. Əslində isə məsələ kanallar deyildi. Məsələ kimin gündəliyində yaşamağımız idi. Çünki xəbəri hazırlayan hadisəni yox, hadisənin mənasını idarə edir. Kim gündəliyi müəyyən edirsə, bu günün sabahını da məhz o müəyyən edir. İllər sonra insan anlayır ki, müstəqillik haqqında ən böyük səhvlərdən biri onu yalnız hərbi və ya siyasi anlayış hesab etməkdir. Əslində müstəqilliyin sütunları dörddür: - Sərhəd – İqtisadiyyat – Qanun – İnformasiya.
Bu dörd sütundan biri başqasına məxsusdursa, bina hələ tam sənin deyil. Bəzən məndən soruşurlar: "O vaxt bunu necə görə bildiniz?" Mən isə həmişə eyni cavabı düşünürəm. Bəlkə də biz gələcəyi görmürdük. Sadəcə, Azərbaycanın həqiqətən müstəqil olmasını istəyirdik. Və bu yolda bizi anlayan, dəstəkləyən və qoruyan Heydər Əliyev, Arif Mustafayev, Azad Şərifov və Mais Məmmədov var idi. Onlar kimi Sovet sisteminin özülünü bilən heç kim yox idi və onu silkələmə texnologiyalarını heç kim bilmirdi – Allah hamısına rəhmət eləsin!
Mən həmişə əməkdaşlarımı öyrətmişəm ki, döyüşməyə davam edin – taleyinizi sonda biləcəksiniz! Tarix qəribə müəllimdir. O, qiyməti dərs verəndə yox, illər sonra yazır. Bu gün həmin qiymət artıq görünür. Və bəlkə də həmin illərin ən böyük dərsi budur: Dövlət sərhədləri xəritədə çəkilir, informasiya sərhədləri isə insanların şüurunda. Birincisini əsgərlər qoruyur, ikincisini isə vaxtında təhlükəni görənlər. Çünki bəzən bir ölkənin azadlığı sonuncu əsgər gedəndə yox... imperiyanın sonuncu anteni söküləndə başlayır.
Amma, görünür, tarix anten söküləndə bitmir. Sadəcə, texnologiyasını dəyişir. “Qanlı Yanvar” filmimdə belə bir səhnəm var. 20 Yanvar gecəsidir. Fədailər növbəti döyüşdən qərargaha qayıdırlar. Orada amerikalı jurnalist Leyn Devisi görürlər. O, fədailərin başçısı Azərlə kənarda gizli danışır. İmanlı Əli bunu görüb dəliqanlı Zitadan soruşur:
— Sən qorxmursan ki, biz rusların altından çıxıb amerikanlıların altına girəcəyik?
Zita ona xas qadın-xuliqan təbəssümü ilə cavab verir:
— Yox, əzizim... onlar daha "handsome"durlar.
Kinoda bu mənalı zarafatdır. Tarixdə isə heç də gülməli deyil. Çünki imperiyalar da insanlar kimidir — zaman keçdikcə geyimlərini dəyişirlər. Bir vaxt xələt geyinirdilər. Sonra kostyum. İndi isə heç görünmürlər. Sadəcə, profil şəkilləri var — avatarları.
Bir vaxt müstəmləkə yaratmaq üçün ölkəyə ordu yeridirdilər. İndi insan öz xoşu ilə mobil telefon alır, tətbiqi yükləyir, qeydiyyatdan keçir, bütün şərtlərlə razılaşır və hətta “I agree” düyməsini də özü basır. Tarixdə bəlkə ilk dəfədir ki, müstəmləkəçi heç bir sərhədi keçmir və səs-küy salmır.
ANS Sovet imperiyasının antenlərini damlardan sökəndən iyirmi-otuz il sonra müasir imperiyalar anladılar ki, anten çox primitiv cihaz imiş. Çünki onun bir pis xüsusiyyəti vardı — görünürdü. Hansı istiqamətə baxdığını bilirdin. İndi də anten var. Sadəcə, mobil telefonun korpusunda gizlənib. Lüləsiz anten daha təhlükəlidir — adam bilmir harasını qorusun.
İndi onun adı “feed”dir və istiqamətini sən yox, alqoritm seçir. Köhnə anten sənə nəyi göstərməyi müəyyən edirdi. Yeni anten isə əvvəlcə səni öyrənir: nəyə gülürsən, kimə hirslənirsən, nədən qorxursan, hansı qadına ikinci dəfə baxırsan, hansı siyasətçini görəndə barmağın sürətlənir... Sonra sənə dünyanı göstərir. Amma dünyanın özünü yox. Sənin baxmaq ehtimalın ən yüksək olan dünyanı. Bəlkə də XXI əsrin ən böyük antiutopiyası elə budur: heç kim bizi məcbur etmir. Biz özümüz iştirak edirik və seçimi özümüz etdiyimizə inanırıq.
Bu gün Bakıda küçəyə çıxırsan — ingilis dilində lövhələr. Restorana girirsən — ingilis sözləri. İş elanına baxırsan — CV-lər ingilis dilində. Bəzən hətta ingilis dilini bilməyən də CV-sini ingiliscə yazır.
Bir vaxt valideyn övladını rus məktəbinə qoyurdu ki, yaxşı təhsil alsın, elmə, ədəbiyyata çıxsın, gələcəkdə iş tapa bilsin. Bu gün həmin arqumentlərin çoxu ingilis dilinin xeyrinə işləyir. Bunda qəribə heç nə yoxdur. Problem ingilis dili deyil. Problem Azərbaycan dilində lazımi elm, dərslik və məlumat bazasının yetərincə qurulmamasıdır. Əgər universitet dərsliyi yoxdursa, tələbə rus və ya ingilis mənbəsinə gedəcək.
Bir ara Azərbaycanda başqa istiqamət güclənirdi. Türk məktəbləri, liseylər, universitetlər və müəllimlər yeni nəsildə başqa bir mədəni orbit yaradırdı. Sonra FETÖ hadisəsi bu modelin siyasi təhlükəsini ortaya çıxardı və həmin istiqamət "söküldü". Bu ağacı da kəsdik. Amma yerində yenə Azərbaycan fidanı əkilmədi. Boş torpaqda bu dəfə ingilisdilli dünya böyüməyə başladı.
Müstəqillik başqa dildə danışanda belə öz milli fikrini danışa bilməkdir. Və burada yenidən antenə qayıdırıq. ANS anteni sökdü. İndi isə anten yoxdur. Tor var. Hörümçək toru. O tor artıq cibimizdədir, evimizdədir, maşınımızdadır, uşağımızın otağındadır, gecə onun yastığının altındadır. Ən qəribəsi isə budur ki, tora düşən insan özünün əsir olduğunu anlamır. O, dünyaya bağlandığını düşünür. Bəlkə doğrudan da bağlanıb. Amma hər bağlantının iki ucu olur. O biri ucunda kim dayanıb?
Mən Amerikanı düşmən hesab etmirəm. Amerika böyük elm, texnologiya, mədəniyyət və ideyalar yaradıb. İngilis dili də düşmən deyil. Facebook, Instagram, YouTube da öz-özlüyündə düşmən deyil. Düşmən başqadır - Asılılıq. Bir vaxt Moskvadan gələn hər şeyi həqiqət hesab etmək asılılıq idi. Sabah Vaşinqtondan, Londondan, Pekindən, Ankaradan və ya başqa bir mərkəzdən gələn hər şeyi həqiqət hesab etmək də eyni asılılıqdır. İmperiyanın milliyyəti dəyişəndə müstəmləkə azad olmur. Sadəcə, müstəmləkəçinin pasportu dəyişir.
Bəlkə bütün təhlükə elə bundadır: Yeni imperiyalar köhnələrdən daha "handsome"durlar. Tankları şəhəri zəbt etmir. Sənə musiqi, serial, boloniya universiteti, tətbiq göndərirlər. Necə yaşamağı əmr etmir. Sadəcə, necə yaşamağın gözəl görüntülərini göstərirlər. Yerli TV-lər də bunların hamısını təbliğ edir və eyni zamanda öz verilişlərini boz, maraqsız və birbaşa qərbdən oğurlayaraq onun çox eybəcər versiyasını təqdim edir… Və bunu görən tamaşaçı seçim edir! Sizcə o haranı seçəcək? Axı bu bədbəxtlərin də gözündə Tor var. Artıq neokolonialistlər səni öldürmür - o şərait yaradır ki, sən özün öz ruhuna, milli varlığına nifrət edəsən, ondan imtina, onu ləğv edəsən, və ya dəqiq desək, həmişəlik "swipe" edəsən...
Və XXI əsrdə müstəqilliyin əsas sualı artıq budur: Torun içində yaşayıb hörümçəyin yeməyinə çevrilmədən necə azad qalaq? Bəlkə bu dəfə son anteni sökmək yox, onsuz da bunu edə biləcək qüvvə yoxdur... Məncə, bu dəfə biz öz torumuzu toxumağı öyrənməliyik.
P.S. İndi isə Sizi əzizim Böyük Sevanın 2001-ci ilin oktyabrında çəkdiyi reportajla tək buraxıram.