"Təəssüf ki, İranla münasibətlərimiz ən aşağı səviyyədədir"
Bunu Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov İsrailin "Globes" qəzetinə müsahibəsində deyib
“Biz hər bir ölkə ilə, xüsusən də qonşularımızla yaxşı münasibətlərdə maraqlıyıq”.
Bunu Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov İsrailin "Globes" qəzetinə müsahibəsində deyib.
“İranla enerji və nəqliyyat sahələrində ticarət əlaqələrimiz, əməkdaşlığımız var. Azərbaycan heç vaxt heç bir ölkə ilə münasibətlərinə xələl gətirən olmayıb. Təəssüf ki, müstəqilliyimizi əldə etdikdən sonra İranla münasibətlərimizin ən aşağı səviyyəsindəyik. Münasibətləri indiki vəziyyətə gətirən Azərbaycan deyil. Biz İranla yaxşı münasibətlərin olmasını istəyirik, amma səfirliyə hücumun araşdırılması üçün heç bir nəticə görməmişik”,- deyə səfir bildirib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə saxlanılıb.
İran hakimiyyəti terror aktını ört-basdır etmək üçün hadisənin guya ailə münaqişəsi zəminində baş verdiyini açıqlayıb. Lakin əldə olunan faktlar Tehranın saxta iddialarını tamamilə ifşa edib.